00:01 17-12-2012
news_image
1154
DÖYÜŞ NÖVLƏRİ

“Bizim “klassiklər” daha güclü olurlar” - MÜSAHİBƏ

Dekabrın 18-dən 21-dək "Sərhədçi" Olimpiya İdman Mərkəzində yunan-Roma və sərbəst güləş üzrə kişilər arasında Azərbaycan çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda tanınmış pəhləvanlardan bir neçəsi, o cümlədən yunan-Roma güləşi üzrə Pekin Olimpiadasının ikincisi, Avropa çempionu Vitali Rəhimov iştirak etməyəcək. Digərlərindən fərqli, Rəhimovun qarşıdakı ölkə çempionatına qatılmamağına əsas səbəbi kimi onun karyerasını bitirmək istəyi göstərilmişdi. Xəbərin nə qədər doğru olduğunu Vitalinin özü ilə dəqiqləşdirdik.

- Bəli, çempionata qatılmayacağam. Amma karyeramı bitirəcəyimlə bağlı deyilənlər doğru deyil. İndi 29 yaşım var. Növbəti Olimpiadaya qədər isə 33 olacaq. Həmin Olimpiadada iştirak etmək niyyətim var.

- Bəs, onda yığmaya seçmə xarakteri daşıyan bu ölkə çempionatına qatılmamağınızın səbəbi nədir?
- Yarışa istədiyim səviyyədə hazırlaşa bilməmişəm. Bunun isə səbəbini həm federasiya, həm də məşqçilər korpusu bilir. Əvvəla, London Olimpiadasından sonra yığmanın uşaqlarına istirahət verildiyi üçün bizim məşqlərimiz olmadı. Son vaxtlar isə ailə vəziyyətimlə əlaqədar millidən kənarda qalmışdım. Bildiyiniz kimi, subaylığın daşını atmışım, indi isə Allah qoysa, ata olmağa hazırlaşıram. Elə bu səbəbdən də vaxtımın çoxunu ailəyə həsr etdiyim üçün məşqlərdə çox olmamışam. Bu isə istər-istəməz hazırlığıma öz təsirini göstərib. Ona görə də bu çempionata qatılmamağımı həm federasiya rəhbərliyi, həm də məşqçilər şurası məsləhət görmədilər.

- Yığmaya seçmə xarakteri daşıyan bu çempionata qatılmadığın halda, bəs sənin gələcək taleyin necə olacaq?
- Mən onsuz da yığmanın heyətində varam. Bu yaxınlarda yığmanın 2 həftəlik təlim-məşq toplanışı oldu. Həmin toplanışda mən də iştirak etdim. Məşqçilər şurası mənə Azərbaycan çempionatını buraxıb, fevralın 10-da İranda keçiriləcək dünya kubokuna hazırlaşmağı məsləhət gördülər. Hazırda yığmanın iranlı məşqçiləri öz vətənlərindədi. Azərbaycan çempionatı başlayanda onlar da bura gələcək və çempionatı izləyəcəklər. Çempionat başa çatandan sonra isə yenidən yığmanın təlim-məşq toplanışı başlanacaq. Təbii ki, həmin toplanışa mən də qatılacam.

- Yeri gəlmişkən, türkiyəli məşqçilər korpusunu əvəzləyən bu iranlı məşqçilər kimlərdi?
- Düzü, onlar haqqında ətraflı məlumatım yoxdur. Ancaq bildiyim odur ki, yığmamıza baş məşqçi olacaq şəxs London Olimpiadasında İran yığmasının ikinci məşqçisi olub. İranlı məşqçilər şurası 3 nəfərdən ibarətdi. Amma heç birini tanımıram.

- Bəs millinin türkiyəli mütəxəssislərinin taleyi necə oldu?
- Türkiyəli baş məşqçi Salih Bora istefaya göndəriləndən sonra öz vətəninə döndü. Bildiyimə görə, onun köməkçisi Şaban Donat isə gənclər yığmasına baş məşqçi təyin edilib.

- Yenə də 66 kq-da çıxış edəcəksiniz?
- Çəkimi dəyişmək niyyətim yoxdu. Yəqin ki, elə bu çəkidə də karyeramı bitirəcəm.

- Hazırda çıxış etdiyiniz bu çəki dərəcəsində özünüzə əsas rəqib kimi görürsüz?
- Mənimlə eyni çəki dərəcəsində çıxış edənlər arasında özümə əsas rəqib kimi Həsən Əliyevlə daha gənc və potensiallı güləşçi olan Ruslan Çunayevi görürəm. Hesab edirəm ki, Çunayev hətta Əliyevdən də güclüdür. Çunayev elə öz uşağımızdı, legioner deyil. Siz özünüz də yaxşı bilirsiniz ki, 74 kq da daxil olmaqla, aşağı çəkilərdə bizim "klassiklər" daha güclü olurlar. Bizə legionerlər əsasən yuxarı çəki dərəcələrində gətirilir (Sport-Ekspress).