20:55 17-12-2012
news_image

“Məşqçilər mənə böyük ümid bəsləyirlər” - MÜSAHİBƏ

London Olimpiadasından sonra ilk dəfə WSB liqasında rinqə çıxan Məhəmmədrəsul Məcidov yenə də parlaq qələbə ilə yadda qaldı. Apasport.az saytının xəbərinə görə, dünya çempionumuz meksikalı Aleks Riveranı 1-ci raundda nokauta saldı. Ancaq London Olimpiadasının bürünc mükafatçısı bu görüşdə heç də aşkar üstünlüklə qalib gəlmək istəmirmiş. O, uzun fasilədən sonra ən azı 3 raund ərzində özünü rinqdə sınamaq niyyətində idi.

- Düzünü desəm, belə olmasını istəmirdim. Döyüşün uzanmasını arzu edirdim. Xeyli vaxt idi rinqə çıxmırdım. Bu səbəbdən də mənə təbii ki, yarış təcrübəsi lazım idi. Ancaq hər şey başqa cür alındı. Rinqdə əlimdən gələni göstərməyə çalışırdım. İş elə gətirdi ki, artıq birinci raundda nokaut qeydə alındı.

- Yanvarda “Baku Fires”i çətin görüşlər gözləyir. Komanda ardıcıl bir neçə matça çıxacaq. Həm də gələn ilin ilk ayında Rusiya komandası ilə də prinsipial qarşılaşma var. Sizi həmin görüşlərdə görə biləcəyikmi?
- Belə fikirləşirəm ki, komandamızın əsas görüşlərində rinqə çıxacam. Məşqçilər mənə böyük ümid bəsləyirlər. Axı klubun liderlərindən sayılıram. Özüm də istəyirəm ki, ən çətin döyüşlərdə komandama kömək edim. Zəif rəqiblərlə döyüşlər mənə heç bir xeyir gətirməz. Yanvar ayında da məni növbəti dəfə “Baku Fires”in heyətində rinqdə görə biləcəksiz.

- Gələn ay həm də boks üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. Həmin yarışda iştirak edəcəksəniz?
- Hələlik bu suala dəqiq cavab verə bilməyəcəm. Baxaq görək, federasiya və klub rəhbərliyi bununla bağlı nə qərar verəcək. İstənilən vaxt rinqə çıxmağa hazıram. Bununla bağlı heç bir problemim yoxdur. Sadəcə, son qərarın necə olacağını gözləyirəm.

- Siz həm də AİBA-nın bayrağı altında keçiriləcək Peşəkar Boks Liqası (APB) ilə müqavilə bağlamısınız. Orada ilk döyüşlər nə zaman baş tutacaq?
- APB-də ilk yarışların sentyabrda keçirilməsi nəzərdə tutulur. Sentyabrda Qazaxıstanda boks üzrə dünya çempionatı olacaq. Həmin yarış yekunlaşdıqdan sonra AİBA reqlamenti, qaydaları tam şəkildə müəyyənləşdirəcək.

- Belə bir məlumat yayılmışdı ki, APB ilə müqavilə bağlayan boksçular Avropa çempionatında iştirak edə bilməzlər. Mayda isə Belarusun paytaxtında bizi növbəti qitə çempionatı gözləyir.
- Hələ bu qərar tam dəqiqləşməyib. Ancaq bu olsa belə, sentyabrdan sonra olacaq. Çünki AİBA bununla bağlı qərarı dünya çempionatından sonra verəcək. Mayda keçiriləcək Avropa çempionatında çıxış etmək istəyirəm. Mənim kolleksiyamda Olimpiya oyunlarının, dünya çempionatının medalları var. Hələ ki qitə çempionatında iştirak etməmişəm. Avropa çempionatında da qızıl medal qazanmaq arzusundayam. Dünya çempionu kimi hər kəs məndən bunu gözləyir. İnşallah, Minskdəki yarışda bu istəyimə çatmağa çalışacam.

Mənbə: abf.az