15:20 18-12-2012
news_image

Talibov: O, gəncdir yaxşı potensialı var

“Qələbə qazandığımıza görə sevincliyəm. Meksika komandası qrupda güclü rəqiblərimizdəndir”. Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” Bakıda əsas rəqiblərindən olan “Mexico Guerreros”u məğlub etdikdən sonra baş məşqçi Nuripaşa Talibov deyib.

3 oyundan sonra 100 faizlik nəticə göstərən təmsilçimizin çalışdırıcısı 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatan qarşılaşmanı şərh edib: “73 kq-da mübarizə aparan Məhəmməd Nurutdinovun döyüşü gərgin keçdi. Halbuki, rahat şəkildə qələbə qazana bilərdi. Görünür, döyüşün əvvəlində rəqibi noqdauna salması onu rahatlaşdırdı və boksçumuz bir az arxayınlaşdı. 4-cü raundda Kamminqs artıq hesabı bərabərləşdirmişdi. Yaxşı ki, həlledici hissə də Nurutdinov özündə güc taparaq, qalib gələ bildi. 85 kq çəki dərəcəsində yarışan Hacımurad Nasrutdinov komandamızın heyətində debüt etdi. O, sırf təcrübə baxımından rəqibə uduzdu. Amma gəncdir, yaxşı potensialı var. Onun üzərində işləyəcəyik. Məhəmmədrəsul Məcidova gəlincə, o da, biz də istəmirdik ki, döyüş belə tez yekunlaşsın. Məcidov Olimpiadadan sonra ilk dəfə rinqə çıxırdı. Amma sol əli ilə rəqibi qarşılayanda Meksika boksçusu yerə yıxıldı və “Mexico Guerreros”un məşqçiləri döyüşü dayandırdılar”.

Talibov “Baku Fires”in gələcək planları haqda da danışıb: “Yanvarda bizi ardıcıl çətin görüşlər gözləyir. İş elə gətirdi ki, Rusiya komandası ilə qarşılaşma da yanvara keçirildi. Demək olar ki, hər həftə döyüş keçirməli olacağıq. Əlbəttə, bu baxımdan bizə çətin olacaq. Amma məqsədimizə nail olmağa çalışacağıq. Komandaya bu günlərdə istirahət verəcəyik. Onlar fərdi şəkildə tapşırıqlarımızı yerinə yetirməlidirlər. Yanvarın 3-də yenidən Bakıda bir araya gəlib təlim-məşq toplanışına başlayacağıq. Məşqlərimizi “Sərhədçi” Idman Olimpiya Mərkəzində keçirəcəyik. Klub rəhbərliyi burda bizə hər bir şərait yaradıb”.