15:36 18-12-2012
news_image

2 boksçumuz Avropa çempionatının finalında!

Rusiyanın Kalininqrad şəhərində keçirilən 19-22 yaşlı boksçuların Avropa çempionatında finalçıların adları məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, Azərbaycan millisinin 2 üzvü – Salman Əlizadə (52 kq) və Elvin İsayev (60 kq) həlledici döyüşə vəsiqə qazanıblar.

Avropa çempionu Əlizadə yarımfinalda Almaniya təmsilçisi Hamza Toubanı 19:15 hesabı ilə məğlub edib. Bununla da boksçumuz Almaniya təmsilçisindən revanş almış olub. Salman Toubaya bu il Trabzonda keçirilmiş Avropa Olimpiya təsnifat turnirində uduzmuşdu. Millimizin üzvü finalda rusiyalı Vasili Vetkinlə üz-üzə gələcək.

Elvin İsayev də yarımfinal döyüşünü qələbə ilə başa vurub. Gənclər arasında dünya birinciliyinin bürünc mükafatçısı finala gedən yolda litvalı Edqaras Skurdiasla qarşılaşıb. İsayev çətinlik çəkmədən qələbə qazanıb – 15:8. Həmyerlimiz finalda rusiyalı Maksim Şmıqlyovla görüşəcək.

Digər 2 boksçumuz – Cavid Çələbiyev (56 kq) və Heybətulla Hacəliyev isə (64 kq) yarımfinalda uduzaraq, bürünc medalla kifayətləniblər.

Beləliklə, milli komandamız 19-22 yaşlıların Avropa çempionatını 4 medalla başa vurur.