16:55 19-12-2012
news_image
2186
DÖYÜŞ NÖVLƏRİ

EKSKLÜZİV: Millimiz Xeyrabadiyə tapşırılır!

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının yeni baş məşqçisinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Salih Bora ilə yeni müqavilə imzalamayan Güləş Federasiyası onun əvəzinə İran yığmasının çalışdırıcısı Cəmşid Xeyrabadini təyin edib.

Sina şəhərində anadan olan Xeyrabadininin son iş yeri ölkəsinin yığmasında köməkçi məşqçi vəzifəsi olub. O, baş məşqçi Məhəmməd Bananın rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

İran yığması isə London Olimpiadasında məhz bu mütəxəssislərin rəhbərliyi altında böyük uğura imza atıb. Belə ki, cənub qonşularımızın Böyük Britaniya paytaxtında qazandığı 4 qızıl medaldan üçü yunan-Roma güləşçilərinin payına düşüb. Hətta 55 kq çəki dərəcəsində azərbaycanlı pəhləvan Rövşən Bayramov da finalda bu məşqçilərin yetirməsi Məhəmməd Soryana uduzmuşdu.

Xeyrabadiyə Azərbaycan millisinə qədər bir çox yığmalar təklif göndərsə də, bununla razılaşmayıb. Çalışdırıcının ölkəmizi seçməsində yığmamızın potensialı və hədəfləri əsas rol oynayıb.

Məşqçinin yığmamızla Olimpiya tsikili – 4 illik müqaviləyə imza atacağı bildirilir. Əgər mütəxəssis özünü doğruldarsa, razılaşmanın müddətinin artırılması da istisna edilmir. Hazırda Azərbaycan çempionatını izləyən çalışdırıcı xüsusi qeydlərini apararaq, daha güclü komanda yaratmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, Xeyrabadi İran komandasında çalışdığı vaxt yetirmələri dünya kuboku, dünya çempionatı, Asiya Oyunları və bir sıra turnirlərdə müxtəlif əyarlı medallar qazanıb.