14:18 24-12-2012
news_image
3940
DÖYÜŞ NÖVLƏRİ

Toğrul Əsgərov: Əsas məqsədim dünya çempionu olmaqdır - MÜSAHİBƏ

London Olimpiya Oyunlarının qalibi, güləşçi Toğrul Əsgərovun apasport.az saytına müsahibəsi

- 2012-ci ilin başa çatmasına bir neçə gün qalıb. Tarixin yaddaşına köçəcək ili necə qiymətləndirirsiniz?
- İl həqiqətən də mənim üçün çox yadda qaldı. Çünki 2012-ci ildə çox mühüm yarışlarda uğur qazandım. Avropa çempionu adına yiyələndim, böyük Qran-prilərin qalibi oldum. Ardından London Yay Olimpiya Oyunlarında qızıl medal qazandım. Mənim üçün bundan böyük sevinc ola bilməzdi.

- Bu uğurlar 2013-cü ildə sizdə hansısa arxayınçılıq yaratmayacaq ki?
- Xeyr. Əksinə, İnşallah, yeni ildə də çalışacağam ki, ötən illərdə qazana bilmədiyim titullara yiyələnim.

- Qarşıdan gələn yarışlara hazırlaşırsınızmı?
- Öncə bizi Avropa, ardınca dünya çempionatı gözləyir. Hazırda əsas məqsədim böyüklər arasında dünya çempionu olmaqdır. Buna çatmaq üçün də əlimdən gələn və bacardığım qədər məşqlərimi intensivləşdirəcəyəm.

- Az öncə başa çatan Azərbaycan çempionatına qatılmamağınızı nə ilə əlaqələndirərdiniz? Çəkinizi də dəyişmisiz, yeni rəqiblərlə güləşmək yaxşı olmazdımı?
- Hamımızı – Olimpiya iştirakçılarını və medalçılarına federasiya rəhbərliyi tərəfindən belə məsləhət görüldü ki, güləşməyək.

- Amma son 2 Olimpiadanın bürünc medalçısı Xetaq Qazyumov güləşirdi və Azərbaycan çempionu tituluna da sahib oldu...
- Mən çəkimi dəyişmişəm, yeni çəki üzərində hazırlıq keçirəm. Bu bir qədər ağır olduğu üçün daha çox texnika lazımdır. Ona görə də mənə müəyyən vaxt tələb olunur. Ancaq fevraldan yarışlarda iştiraka başlayacam.