18:12 24-12-2012
news_image
1398
DİGƏR NÖVLƏR

Azərbaycanın 20 ən yaxşı idmançısı bəlli oldu

Azərbaycanda ilin ən yaxşı idmançılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Buta” sarayında keçirilən tədbirdə ilin ən yaxşıları seçilən 20 idmançı mükafatlandırılıb.

Bunlar London Yay Olimpiya oyunlarının mükafatçılar – çempionlar Toğrul Əsgərovla Şərif Şərifov, gümüş medalçılar Rövşən Bayramov, Mariya Stadnik, bürünc mükafatçılar Valentin Xristov, Emil Əhmədov, Xetaq Qazyumov, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Yulkiya Radkeviç, Paralimpiadanın mükafatçıları – Ramin İbrahimov, Afaq Sultanova, Natalya Pronina, İlham Zəkiyev, Oleq Panyutin, habelə Teymur Rəcəbov (şahmat), Hafiz Verdiyev (pauerliftinq), Ayxan Mamayev (karate), Roman Aslanov (kinqboksinq) və Rüfət Qocayev (alpinizm) olub.

Tədbirin əvvəlində bu il ölkəmizdə keçirilən beynəlxalq idman yarışları, idmançılarımızın qazandığı uğurlarla bağlı videoçarx nümayiş olunub. Gənclər və idman naziri Azad Rəhimov çıxışında bu günün əlamətdar gün olduğunu bildirib: “Qürur hissimizin həddi-hüdudu yoxdur. Bütün Azərbaycanı sevindirən insanların hamısı bu gün burdadır. Bu il ölkəmizdə həqiqətən də idman ili idi. Hazırda Azərbaycanda beynəlxalq miqyasda ən çox tanınan idman ölkələrindəndir. İnanıram ki, gələn il bizim üçün bundan da uğurlu olacaq”.