11:40 25-12-2012
news_image
2449
DÖYÜŞ NÖVLƏRİ

Namiq Əliyev: Onun güləşməsi çox qorxulu idi

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevin apasport.az saytına müsahibəsi

- Başa çatmaqda olan 2012-ci ili güləşçilərimiz üçün necə dəyərləndirirsiniz?
- İl bizim üçün çox uğurlu olub. Olimpiada ili idi, güləşçilərimiz Londonda 7 medal - 2 qızıl, 2 gümüş və 3 bürünc qazandılar. Bu, Fazil Məmmədovun federasiyaya rəhbərlik etdiyi dövrdə qatıldığımız ikinci olimpiada idi. 4 il öncə Pekində 4 medal qazanan güləşçilərimiz Londonda bunun sayını 7-yə qaldırdılar. Fikrimcə, Azərbaycanda güləş inkişaf edir və yenicə başa çatan ölkə çempionatında 1 nömrələr çıxış etməsə belə, çox maraqlı görüşlər keçdi. Bir sözlə, 2012-ci il çox uğurlu, şərəfli il kimi tarixə düşdü. Amma məsuliyyətimiz daha da artıb. Gələcəkdə nəinki bu uğuru qorumaq, daha da artırmalıyıq.

- London Olimpiadasında güləşçilərimizin çıxışına qədər yığmamızın aktivində qızıl medal yox idi. Bu amil komandada hansısa psixoloji gərginlik yaratmırdı ki?
- Həmin vaxt çox böyük gərginlik vardı. Çünki bizdən əvvəl çıxış edən idmançılar qızıl medal qazansaydılar, hamı bir qədər rahat olardı. Güləş axırıncı günlər başladığından gərginlik bir az bizim üzərimizə düşdü. Əlbəttə, federasiya rəhbərliyi, məşqçilər və idmançılar da məsuliyyəti çox yaxşı başa düşürdü. Ola bilsin bəzi idmançılar üçün bu məsuliyyət ağır oldu, istədikləri kimi çıxış edə bilmədilər. Lakin buna baxmayaraq, 7 idmançımız özünü doğrultdu və Azərbaycan xalqına sevinc bəxş etdi.

- Londonda Xetaq Qazyumovun ağır vəziyyətdə yenidən xalçaya qayıtması və bürünc medal qazanmasını qəhrəmanlıq kimi qiymətləndirmək olarmı?
- Hazırda onunla bağlı xüsusi bir filim hazırlanır. Bunlar hamısı mənim gözümün qabağında oldu. Doğrudan da Xetaq çox böyük qəhrəmanlıq göstərdi. Həmin vaxt onun təzyiqi çox aşağı düşmüşdü. Demək olar ağır vəziyyətdə idi. Hətta biz onu zaldan təcili yardım maşını ilə yola saldıqda da ümid etmirdik ki, ümumiyyətlə o ən azı 1 il döşəyə çıxa bilər. Vəziyyəti çox pis idi. Buna baxmayaraq, Qazyumov təcili yardımla yenidən qayıtdı və döşəyə çıxanda biz ona icazə vermirdik. Hətta FİLA prezidenti də onun döyüşməsinə razı deyildi. Çünki Qazyumovun mübarizə aparması çox qorxulu idi. O, görüşə çıxanda təzyiqi 40-ın 90-a idi. Bu təzyiqlə isə güləşmək mümkünsüzdür. Buna baxmayaraq, komandanın kapitanı kimi özünü bir daha sübut edərək, şəxsiyyətini və ləyaqətini göstərdi. Olimpiadanın son günü olmasına baxmayaraq, həqiqətən hamımıza böyük bir sevinc bəxş etdi. Bu, böyük qəhrəmanlıqdır.

- Qazyumovun təzyiq problemi olmasa idi, daha yüksək əyarlı medal almaq gücündə idi?
- Bəli, bu hadisələr baş verməsəydi həqiqətən də qızıl qazacaqdı. Onun üçün Londonda rəqib yox idi. Olimpiya çempionu olan amerikalını Xetaq 2 ay öncə Bakıda böyük üstünlüklə məğlub etmişdi. Ona bir xal belə verməyərək, ilk hissədə 7:0, ardınca 6:0 hesabı ilə qalib gəlmişdi. Lakin çox təəssüf ki, onun başına belə hadisə gəldi.

- Cəmşid Xeyrabadinin başçılıq etdiyi iranlı məşqçilər korpusunun yunan-Roma güləşi üzrə yığmamıza təyinatı barədə nə deyə bilərsiz?
- Olimpiada bitdikdən sonra bir neçə məşqçi ilə danışıqlar apardıq. Əsas seçimimiz iranlı mütəxəssislər üzərində dayandı. Çünki bu ölkənin komandası Londonda çox uğurlu çıxış etmişdi, 3 qızıl medal qazanmışdı. Amma bundan öncə İranın Olimpiya Oyunlarında əsas nailiyyətləri sərbəst güləşdə olmuşdu. Bu ilk Olimpiada idi ki, onlar uğur qazanırdılar. Biz federasiyada belə qərara gəldik ki, bu səbəbdən də İran mütəxəssislərini dəvət edək.

- Onlar ölkəmizə neçə nəfərlik heyətlə gəliblər?
- Biz onları Azərbaycana böyük bir qrup şəklində dəvət etmişik. Baş məşqçidən əlavə, heyət 8 nəfərdən ibarətdir. Onlarla 2 illik müqavilə bağlanıb. Heyətdə həkimlər, fizioterapevtlər, videoanalizçilər yer alıblar. Hesab edirəm ki, bu yunan-Roma güləşinin Azərbaycandakı inkişafını daha da təkan verəcək və yaxın illərdə hamımız yeni çalışdırıcıların fəaliyyətinin nəticəsini dünya və Avropa çempionatlarında görəcəyik.