11:12 26-12-2012
news_image
1476
DÖYÜŞ NÖVLƏRİ

Fərid Mansurov: Onlar “kəllələşməyi” bacarırlar - MÜSAHİBƏ

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurovun apasport.az saytına müsahibəsi

- Vaxtilə rəhbərlik etdiyiniz yunan-Roma güləşi üzrə yığmada növbəti baş məşqçi dəyişikliyi rəsmiləşib. Sizi əvəzləyən türkiyəli Salih Boranın yerinə iranlı Cəmşid Xeyrabadi gətirilib. Sizcə, bu komandaya hansı xeyri verəcək?
- İrandan? Bu barədə nəsə deyə bilmərəm. Çünki rəhbərliyin qərarıdır. Hamımız buna hörmətlə yanaşırıq.

- Londonda Azərbaycan millisinə 1 gümüş və 1 bürünc medal qazandıran Salih Boranın gedişinə ehtiyac vardımı?
- Artıq Olimpiya mərhələsi başa çatıb. Əgər buna lüzum vardısa, olmadı idi. Bu səbəbdən milli növbəti olimpiadaya yeni baş məşqçi ilə start verilir.

- Necə düşünürsünüz, az öncə başa çatan Azərbaycan çempionatında yeni perspektivli pəhləvanlar üzə çıxdımı?
- İlqar Abdulovun rəhbərlik etdiyi gənclərdən ibarət yığmamız bu il Tailandda dünya çempionu oldu. Bu komandada yer alan idmançılar böyüklər arasında da özlərini göstərdilər. Onlar çox istedadlıdırlar. Döyüşlərə baxdıqda da görürdün ki, böyüklərlə başabaş güləşir, yəni “kəllələşməyi” bacarırlar. Onlar əla perspektiv vəd edirlər və güləş idmanında uğurun davamını gözləməyə dəyər.

- Tanınmış güləşçilərin çempionatda çıxış etməməklərinə necə baxırsız?
- Bu məsələdə müəyyən səbəblər vardı. Çünki güləşməyənlər zədəli və icazəli idmançılar idi. Yunan-Roma güləşində liderlərin çoxunun mübarizə aparmaması da bununla əlaqədardır. Məncə, normal bir haldır. Amma səbəbsiz güləşməyənlər də federasiya tərəfindən müəyyən cəzalarla cəzalandırılıb.

- 2012-ci ilin başa çatmasına günlər qalıb. Arxada qalan 12 ayı necə dəyərləndirərdiniz?
- İl həqiqətən Azərbaycan xalqı üçün uğurlu oldu. Bu, lap əvvəldən belə başladı. Prezident İlham Əliyev 2012-ci ili “İdman ili” elan etdi. Uğurlarımızın təməli də ildə bununla qoyuldu. London Yay Olimpiya Oyunlarında nailiyyətimiz, ardınca 2015-ci il Avropa Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsi ilin möhtəşəm hadisələrindəndir. Bir sözlə, bütün sahələrdə olduğu kimi idmanda da dəyərli bir il oldu.

- Güləşçilərimizin çıxışını necə qiymətləndirərdiz?
- Olimpiya Oyunlarında medalların çoxu məhz bu idman növündə qazanıldı. Böyük uğura imza atdılar və 7 medal qazandılar. İnşallah, yeni ildə də bu davam edər.