13:32 04-01-2013
news_image
809
DİGƏR NÖVLƏR

Yığmamızın ilk imtahanı

Qadın otüstü hokkeyçilərdən ibarət Azərbaycan milli komandası 2013-cü ilin ilk sınağına Cənubi Afrika Respublikasında çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız paytaxt Keyptaunda yanvarın 21-dən 27-dək Dünya Hokkey Liqasının II raundunda mübarizəyə qoşulacaq.

Komandamız yanvarın 16-da səfərə çıxacaq və yerli mühütə 5 günlük uyğunluq keçəndən sonra ayın 21-də start oyununu Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün millimizin rəqibi Avstriya təmsilçiləri olacaq. Yanvarın 23-də istirahət edəcək yarış iştirakçıları 1 gün sonra III turun oyunlarında qarşılaşacaqlar.

Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər. IV tur ərəfəsində komandalar daha 1 gün istirahət edəcəklər. Yanvarın 26-da yığmamız ev sahibi – CAR-la mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.

Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq.

Qeyd edək ki, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və hazırda yeni ilin ilk günlərindən Bakıda 2 həftəlik təlim-məşq toplanışında iştirak edirlər.