17:07 04-01-2013
news_image
1992
DÖYÜŞ NÖVLƏRİ

Salih Bora Azərbaycandan gedişinin səbəbini açıqladı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Salih Bora komandamızdan gedişinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 1 ildə yığmamızı çalışdıran təcrübəli türkiyəli mütəxəssis ailəsindən kənarda yaşamağın çətin olduğunu bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən də müqaviləsini yeniləməyərək, vətəninə qayıdıb: “Ailəmdən ayrı heç vaxt yaşamamışdım. 1 il Azərbaycanda onlarsız olmaq mənə çox çətin gəldi və buna alışa bilmədim. Bu səbəbdən də müqaviləni yeniləmək istəmədim və geri döndüm”.

Yığmamızda həmyerliləri Müttalip Yerlikaya və Şaban Donatla birgə işləyən Bora Türkiyə mətbuatına Azərbaycanda qazandığı uğurlardan da danışıb: “Orada işlədiyimiz zaman Avropa çempionatında komanda hesabında 3-cü yeri tutduq. Yığma London Olimpiadasında 1 gümüş və 1 bürünc medal qazandı. Əsas hədəfimiz də məhz Olimpiya Oyunları idi. Azərbaycan komandası Böyük Britaniya paytaxtında möhtəşəm çıxış etdi. Xüsusilə də bunda sərbəst güləşçilərin böyük əməyi oldu. Onlar 2 dəfə çempionluq sevinci yaşadılar. Ümumilikdə isə ölkənin 10 medalından 7-si güləşçilərin payına düşdü. Hazırda bu idman növü Azərbaycanda populyarlığına görə birincidir. Bizim də Londonda qazandığımız 2 medal təbii ki, böyük uğurdur”.

Bora hələlik heç bir klubdan və ya millidən təklif almadığını da bildirib. Onun sözlərinə görə, çox yorulduğu üçün istirahətə ehtiyacı var: “Hazırda dincəlirəm. Sadəcə bədənim deyil, zehnim də bu işlərdən yorulub. İstirahətə ehtiyacım var və hələlik kənardayam. Lakin bu çox olmayacaq. Hər zaman türk güləşinə xidmət etməyə hazıram”.

Qeyd edək ki, Boranın komandasından yalnız Donat Azərbaycanda qalıb və gənclərdən ibarət millimizdə çalışır. Sabiq baş məşqçini isə yığmamızda iranlı Cəmşid Xeyrabadi əvəzləyib.