17:00 07-01-2013
news_image

Milli komandamızda 2 rusiyalı

Azərbaycanın taekvondo üzrə kişilərdən ibarət milli komandasının heyətinə 2 legioner cəlb olunub. Bu haqda Lent.az-a yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev açıqlama verib.

İmaməliyev bildirib ki, Rusiyanın Dağıstan Respublikasından olan Maqomedyasi İbrahimov (58 kq) və Radik İsayev (87 kq) ötən ilin sonlarında keçirilmiş Azərbaycan çempionatında qızıl medal qazandıqdan sonra milliyə çağırılıblar. İbrahimov və İsayev millimizin yanvarın 15-dən Qəbələdə keçirəcəyi təlim-məşq toplantısında və qarşıdakı beynəlxalq turnirlərdə sınaqdan çıxarılacaqlar. Sınaqdan uğurla çıxsalar, onlar əsas heyət üzvünə çevriləcəklər: “Hazırda yığmamızda nəsil dəyişmə prosesi gedir. Yaşlı nəslin nümayəndələri artıq karyeralarını başa vurublar. Azərbaycan çempionatının yekununda hər çəkidə ilk “3-lüy”ə düşənləri heyətə cəlb etmişik. Ağır çəki dərəcəsində yerli taekvondoçumuz azdır. Ona görə İsayevin xidmətinə ehtiyac duyduq. İsayevi isə 58 kq çəki dərəcəsində rəqabəti gücləndirmək məqsədilə cəlb etmişik”.

İmaməliyev, həmçinin bildirib ki, hər iki taekvondoçu əvvəllər Mahaçqala şəhər yığmasının heyətinə cəlb olunublar və hətta Rusiya çempionatında mükafatçılar sırasına düşməyi bacarıblar.