10:58 08-01-2013
news_image

Liderlər üçün asan döyüş

“Sərhədçi” Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən klub və cəmiyyətlərin 216 dəri əlcək ustası mübarizə aparır.

Turnirin ilk günündə çəkisi 56, 64 və 75 kq olan idmançılar rinqə çıxıb. Yarışın favoritləri ilk gündə çətinlik çəkmədən qələbə qazanıblar. 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ölkə çempionatına qələbə ilə başlayıb. Ötən il 19-22 yaşlı boksçuların Avropa çempionatında bürünc medal qazanmış Çələbiyev Fərid Ağamoğlanovu 17:8 hesabı ilə məğlub edib.

Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) ilk qələbəsini qazanıb. Milli komandamızın üzvü Mahir Mirzəliyevi 20:6 hesabı ilə məğlub edib. 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Romal Amanov da növbəti mərhələyə vəsiqə əldə edib. Təcrübəli boksçu Siyəzən idmançısı Ənvər Hacıyevi 12:2 hesabı ilə üstələyib.

2011-ci ildə Bakıda keçirilən dünya çempionatının iştirakçısı Emil Əhmədov (75 kq) mübarizəsiz növbəti mərhələyə yüksəlib. Onun rəqibi Şirvan təmsilçisi Pirverdi İbrahimov rinqə çıxmayıb.

London Olimpiadasının iştirakçısı Soltan Migitinov da ölkə çempionatında ilk qələbəsini qazanıb. O, Rəsul Dibirovu 3-cü raundda nokauta salıb.