19:57 08-01-2013
news_image

Komandamız polşalılarla görüş üçün heyətini açıqladı

Yanvarın 12-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) V turun matçında Azərbaycanın “Baku Fires” və Polşanın “Poland Hussars” komandaları qarşılaşacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, saat 19:00-da başlayacaq görüş üçün hər 2 klub artıq heyətini açıqlayıb.

Ötən mövsüm komandamızın heyətində 3 görüşdə qalib gəlmiş Mixail Veselov cari çempionatda ilk döyüşünə çıxacaq. Avro-2010-un bürünc mükafatçısının rəqibi WSB liqasında debüt edəcək 23 yaşlı David Pak olacaq.

WSB liqasının fərdi yarışlarının qalibi Qairnek Qermaxanovun da döyüşü böyük maraq doğurur. Boksçumuz rəqib komandanın debütantı Kozlovski ilə üz-üzə gələcək. Qermaxanovun aktivində cari çempionatda artıq 1 qələbə var.

Dünya və Avropa çempionu Albert Səlimov “Baku Fires”in heyətində 3-cü qələbəsini qazanmağa çalışacaq. Polşalılarla matçda təmsilçimizin üzvlərindən Üzeypat İsmayılov ilk döyüşünə çıxacaq.

“Poland Hussars” isə Bakıya 2 legionerlə gəlir. Radçenko Ukraynanı, Sudzilouski isə Belarusu təmsil edir.

Baku Fires – Poland Hussars
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Grjeqorj Kozlovski (Polşa)
61 kq. Albert Səlimov (Rusiya) – Adam Vylezol (Polşa)
73 kq. Mixail Veselov (Belarus) – David Pak (Polşa)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Sergey Radçenko (Ukrayna)
+91 kq. Üzeypat İsmayılov (Azərbaycan) – Yan Sudzilouski (Belarus)

Turnir cədvəli:
1. Mexico Guerreros – 9 xal (4 görüş)
2. Baku Fires – 9 (3)
3. Poland Hussars – 6 (4)
4. Rusiya – 4 (2)
5. Argentina Condors – 3 (3)
6. Desert Hawks – 1 (4)

Qeyd edək ki, bu həftə A qrupunda daha 2 görüş keçiriləcək. Yanvarın 11-də Əlcəzairdə “Desert Hawks” “Argentina Condors”u qəbul edəcək. “Mexico Guerreros” isə doğma divarlar arasında Rusiya komandası ilə qarşılaşacaq.