00:02 10-01-2013
news_image
1401
DÖYÜŞ NÖVLƏRİ

“Yığmanın baş məşqçisi məni təriflədi” - MÜSAHİBƏ

Azərbaycan yığmasının sərbəst güləşçisi Camaləddin Maqomedov (120 kq) Dağıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ağır çəkili idmançı qızıl medalını qazandığı Azərbaycan çempionatı, ondan sonra istirahəti və gələcək planları barədə danışıb.

- Dekabrda öz çəkinizdə Azərbaycanın ən güclüsü olmaqla, Avropa çempionatına vəsiqə qazandız. Mübarizənizin səviyyəsindən razı qaldınızmı?
- Bu mənim London Olimpiadasında uğursuz çıxışımdan sonra startım idi. Buna görə də yaxşı güləşmək istəyim yüksək idi. Asan döyüşlərə ümidim yox idi. Çünki çəkimdə Azərbaycan yığmasında təcrübəli Əli İsayevlə, inkişaf edən osetin güləşçi Aslan Cebisov namizəddir. Sonuncu ötən payız Qroznıda keçirilən güclü turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Mübarizəyə yaxşı köklənmişdim və fiziki cəhətdən özümü tam yaxşı hiss edirdim. Praktiki olaraq, yorulmadım. Öz güləşimdən razı qaldım. Yığmanın baş məşqçisi Saypulla Absaidov da məni təriflədi.

- Çempionatdan sonra dincəldinizmi?
- Yox, dərhal Mahaçqalaya qayıdıb, trenajor zalında məşqlərə başladım. Getdiyim yerə çoxlu güləşçilər toplaşır. Problemim çəki çatışmazlığı ilə bağlıdır. Buna görə də təlim-məşq toplanışlarında boş vaxtlarımda güc hərəkətlərinə üstünlük verirəm. Bu halda əzələlərimi möhkəmləndirirəm.

- İndi çəkiniz nə qədərdir?
- 112 kq. Olimpiadada isə cəmi 106 kq idim. Avropa çempionatına qədər çəkimi 115 kq-a qədər artırmaq istəyirəm.

- Kiminsə rəhbərliyi altında, yoxsa sərbəst çalışırsız?
- Azərbaycan yığmasında fiziki hazırlıq üzrə almaniyalı mütəxəssis çalışır. Məşqçi mənə nə etməli olduğumu başa salıb. Əsasən ağırlıqqaldırmaya diqqət yetirirəm. Gücümü artırmaq yönündə hərəkətlər edirəm.

- Avropa çempionatına necə hazırlaşacaqsınız?
- Əvvəlcə millinin heyətində 2 təlim-məşq toplanışı keçəcəm. Birincidə funksional hazırlığa güc verəcəm, ikincidə isə xalça üzərində işləyəcəm. Ardınca Türkiyədə “Yaşar Doğu”, yaxud da Bolqarıstanda “Dan Kolov” turnirində çıxış edəcəm. Bundan sonra birbaşa Avropa çempionatı üçün daha bir təlim-məşq toplanışı olacaq.

- Bu yarış öncəsi qarşınıza hansı vəzifə qoymusuz?
- Mən artıq Avropa çempionatının bürünc mükafatçısı olmuşam. Buna görə də indi daha yüksək nəticəyə can atacam.