23:50 09-01-2013
news_image

Avropa birinciliyinin mükafatçısı uduzdu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların ikinci günündə çəkisi 49, 52, 60, 64, 69 və 81 kq olan boksçular rinqə çıxıb.

Ötən il yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı olan Elnur Şəfizadə (49 kq) gözlənilmədən məğlubiyyətlə üzləşib. O, “Qızıl Əlcək” klubunun üzvü Araz İmaməliyevə uduzub.

52 kq çəki dərəcəsində favoritlərdən hesab olunan Tural Əhmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Milli komandamızın üzvü tam üstünlüklə Ağdam boksçusu Xətai Əliheydərovu məğlub edib. 2011-ci ildə tələbələr arasında Avropa çempionatının bürünc mükafatçısı olmuş Kamran Məlikov (52 kq) isə Əfsun Həsənovla döyüşdən qalib ayrılıb.

Kaçran Baxşəliyev də (60 kq) ölkə çempionatında ilk görüşünü qələbə ilə başa vurub. O, Aqil Quliyev üzərində qələbə qazanıb. Bu çəki dərəcəsinin favoritlərindən hesab olunan Şaban Şahpələngov da ilk mərhələni çətinlik çəkmədən keçib. Gənclər arasında dünya birinciliyinin qalibi Mingəçevir nümayəndəsi Emin Binnətəliyevi tam üstünlüklə məğlub edib.

Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) ikinci döyüşünü də qələbə ilə başa vurub. Milli komandamızın lideri Nurlan Məmmədov üzərində tam üstünlüklə qalibiyyət əldə edib. Hacəliyevin bu çəkidəki əsas rəqiblərindən olan Romal Amanov da ikinci mərhələni uğurla başa vurub. 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı “Rabitə” İdman Cəmiyyətinin üzvü Salman İbrahimovu yarışdan kənarlaşdırıb.

Tapdıq Bayramov da ikinci döyüşünü qələbə ilə yekunlaşdırıb. O, “Baku Fires” klubunun üzvü Məhəmmədəli Ukayevi məğlub edib. “Baku Fires” klubunun bu çəkidəki digər təmsilçisi İsa İsayev isə növbəti mərhələyə yüksəlib.

69 kq çəki dərəcəsində qələbəyə namizədlərdən hesab olunan Qismət Eynullayev Tamerlan Məmmədov üzərində qələbə qazanıb.

Qeyd edək ki, ölkə çempionatına yanvarın 12-də yekun vurulacaq. Final döyüşləri saat 12:00-da başlayacaq.

Mənbə: abf.az