10:57 11-01-2013
news_image

Azərbaycan çempionatında yarımfinalçılar bəlli oldu

“Sərhədçi” İdman Olimpiya Mərkəzində boks üzrə böyüklər arasında Azərbaycan çempionatında yarımfinalçılar məlum olub. Apasport.az saytının xəbərinə görə, medallara əsas namizədlər 1/4 final mərhələsinin döyüşlərini qələbə ilə başa vurublar.

49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə Firdovsi Ələkbərovu məğlub edib – 28:8. Onun yarımfinaldakı rəqibi “Qızıl Əlcək” klubunun üzvü Araz İmaməliyev olacaq.

Tural Əhmədov da (52 kq) yarımfinala vəsiqə qazananlar arasındadır. Milli komandamızın üzvü Rauf Ağazadəni vaxtından əvvəl tam üstünlüklə məğlub edib. Onun yarımfinaldakı rəqibi “Rabitə” İdman Cəmiyyətindən komanda yoldaşı Əbdurrəhman Şirinov olacaq.

56 kq çəki dərəcəsində yarımfinala vəsiqə qazanan bütün boksçuları favorit saymaq olar. Ötən ilin son ayında Neft Ölkələrinin dünya kuboku yarışında bürünc medal qazanan İlkin Ağayev yarımfinalda uzun illər milli komandamızın üzvü olmuş Rəhim Nəcəfovla qarşılaşacaq. 2007-ci ilin dünya çempionatının bürünc medalçısı Samir Məmmədov isə yığmamızın üzvü Cavid Çələbiyevlə üz-üzə gələcək.

19-22 yaşlılar arasında Avropa çempionu Elvin İsayev (60 kq) ¼ finalda gərgin mübarizə şəraitində Kamran Baxşəliyevi məğlub edib. İsayev yarımfinalda Lənkəran boksçusu Elnur Əliyevlə üz-üzə gələcək. Gənclər arasında dünya çempionu Şaban Şahpələngov da yarımfinala vəsiqə qazananlar arasındadır.

64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev ¼ finalda Coşğun Əliyevi 14:6 hesabı ilə məğlub edib. Avropa çempionatının bürünc mükafatçısı yarımfinalda Ruslan Qasımovla qarşılaşacaq. Bu çəkidə 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Ramal Amanov da yarımfinala vəsiqə qazanıb.

69 kq çəki dərəcəsində favoritlərdən olan iki boksçu – Tamerlan Abdullayev və İsmət Eynullayev yarımfinalda üz-üzə gələcəklər.

75 kq çəki dərəcəsində London Olimpiadasının iştirakçısı Soltan Migitinovla gənclərdən ibarət milli komandamızın üzvü Saqi Salehli arasında görüş böyük maraqla gözlənilirdi. Salehli zədələndiyindən döyüşü sonadək davam etdirə bilməyib. Yarımfinalda Migitinovla Emil Əhmədov arasında gərgin döyüşün baş tutacağını proqnozlaşdırmaq olar.

London Olmpiadasının daha bir iştirakçısı Vətən Hüsyenli (81 kq) də yarımfinala vəsiqə qazanıb. Vətən ¼ finalda Təhsil İdman Mərkəzinin üzvü Həsənəli Kazımov üzərində tam üstünlüklə qalib gəlib. Bu çəkidə gənclər arasında Avropa çempionu Rauf Rəhimov da yarımfinala vəsiqə əldə edib.

London Olimpiadasının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov yarımfinala mübarizəsiz vəsiqə qazanıb. Onun rəqibi Qusar nümayəndəsi Zöhrab Şərifov görüşə çıxmaqdan imtina edib. “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev də yarımfinala yüksələnlər arasındadır.

Superağır çəki dərəcəsində əsas favorit Kamran Mehdiyev ¼ final mərhələsini qələbə ilə başa vurub.

Yarımfinal döyüşləri bu gün saat 12:00-da başlayacaq.

49 kq
Salman Əlizadə (Sədərək) – Araz İmaməliyev (Qızıl Əlcək)
Rüstəm Musayev (Qəbələ idman klubu) – Münasib Məmmədov (Rabitə)

52 kq
Tural Əhmədov (Rabitə) – Əbdürrəhman Şirinov (Rabitə)
Murad Əliyev (Neftçala) – Kamran Məlikov (Rabitə)

56 kq
İlkin Ağayev (Neftçi) – Rəhim Nəcəfov (Rabitə)
Samir Məmmədov (Neftçi) – Cavid Çələbiyev (Rabitə)

60 kq
Elvin İsayev (Rabitə) – Elnur Əliyev (Lənkəran)
Şaban Şahpələngov (Qızıl Əlcək) – Valeh Ramazanov (Neftçi)

64 kq
Heybətulla Hacəliyev (Rabitə) – Ruslan Qasımov (Qızıl Əlcək)
Ramal Amanov (FHN) – Tapdıq Bayramov (Qızıı Əlcək)

69 kq
Tamerlan Abdullayev (Rabitə) – Qismət Eynullayev (Rabitə)
Fərid Quliyev (Gilan) – Naib Nağıyev (Neftçi)

75 kq
Emil Əhmədov (Rabitə) – Soltan Migitinov (Baku Fires)
Subhan Abbasov (FHN) – Eldar Quliyev (Sərhədçi)

81 kq
Vətən Hüseynli (Rabitə) – Elvin Qəmbərov (Astara)
Rauf Rəhimov (Neftçi) – Cəfər Qasımov (Gilan)

91 kq
Teymur Məmmədov (Rabitə) – Sərvər Nəcəfov (Tərtər)
Toğrul İsayev (Qızıl Əlcək) – Abdulqadir Abdullayev (Baku Fires)

91+kq
Əshab Abdulxaliqov (Baku Fires) – Vüqar Hüseynov (Neftçi)
Orxan Abdiyev (Musado) – Kamran Mehdiyev (Rabitə)