12:02 11-01-2013
news_image
1676
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamızda iranlı dünya çempionu

Azərbaycanın yunan-Roma üzrə güləş yığmasına yeni legioner cəlb olunacaq. Apasport.az saytının məlumatına görə, bu haqda jurnalistlərə millimizin yeni baş məşqçisi Cəmşid Xeyrabadi məlumat verib.

O bildirib ki, millidə ağır çəkidə çatışmazlıq var: “Bunu aradan qaldırmaq üçün də milliyə yeni legioner gətirəcəyik. Ancaq onun adını açıqlamayacağam. Buna səbəb tərəflər arasında danışıqların getməyidir”.

İranlı mütəxəssis həmin güləşçinin həmyerlisi olduğunu açıqlayıb: “O, dünya çempionudur, özünü sübut etmiş, çox perspektivli güləşçidir. İnanıram ki, Azərbaycan yığmasına faydalı olacaq”.

Xeyrabadi, həmçinin hazırlıq prosesində yeniliklərin olacağını və yığmamızın yeni sistemdə məşq edəcəyini vurğulayıb. Onun sözlərinə görə, yığmamız əvvəl həftədə 3-4 dəfə məşq edirdisə, bundan sonra hər gün çalışacaqlar: “Yığmada məşqlərin sayı artırılaraq, gündə 2 dəfə olacaq. Bunun saat 10:30-da və 17:30-da olmağı nəzərdə tutulub. Əsas məqsəd İran yığmasında çalışdığım vaxtda onları Olimpiya çempionu etdiyimiz kimi, Azərbaycanı da dünyada 1 nömrə etməkdir. İnanıram ki, Azərbaycan güləşi dünyada parlayan ulduz səviyyəsinə qalxacaq”.

Qeyd edək ki, Xeyrabadininin məşq prosesi də əvvəlkilərdən fərqlənir.