15:18 11-01-2013
news_image
1070
DÖYÜŞ NÖVLƏRİ

“Rabitə” onu heyətimizə qatmağa razı olmadı” - FOTOSESSİYA

“Baku Fires” klubu sabah WSB liqasında növbəti görüşünü keçirəcək. Apasport.az saytının xəbərinə görə, Polşanın “Poland Hussars” komandası ilə qarşılaşma Bakıda, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq.

Bu gün hər iki komandanın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. WSB liqasının supervayzeri Devid Frenses döyüş və tibbi müayinənin sabah baş tutacağı haqda məlumat verdikdən sonra rinqə çıxacaq boksçuların çəkisi müəyyənləşdirilib.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev Polşa klubunun ciddi rəqib olduğunu deyib. Onun sözlərinə görə, sabah komandamızda yeni boksçu – Üzeyrat İsmayılovun (+91 kq) debüt etməsinə baxmayaraq, qalib gələcəklərinə ümid edirlər. Gənciyev “Baku Fires”in heyətini gücləndirməsinə də münasibət bildirib: “Yanvarın 15-dək heyətə yeni boksçu qata bilərik. Bu idmançılar hazırda davam edən və bizim də izlədiyimiz Azərbaycan çempionatından da ola bilər. Lakin onlardan bəzilərini komandamızda görmək istəsək də, müəyyən səbəblərə görə iştirakı alınmır. Məsələn, Avropa çempionu Teymur Məmmədovla mövsümün əvvəlində bu bərədə razılığa gəlmişdik. Özü ilə bütün söhbətlər yekunlaşsa da, sonda üzvü olduğu “Rabitə” onu heyətimizə qatmağa razı olmadı. Lakin Rusiya hər şeyi yaxşı başa düşür, bu yarışa gələcək kimi baxır və döyüşlərə 1 nömrələrini buraxır. Çünki qarşıdakı illərdə WSB liqası həvəskar boksa inteqrasiya edəcək. Burada da idmançılar dəbilqəsiz döyüşəcək və xal sistemi tətbiq olunacaq”.

Gənciyev “Baku Fires”in matçlarının bölgələrdə keçirilməməsinin də səbəbini açıqlayıb. Onun sözlərinə görə, ilk öncə özləri təklif almalıdırlar: “Bizə rayon rəhbərliyindən dəvət olsa, bu barədə düşünməyə dəyər. Çünki ilk öncə həmin bölgələrdə bu yarışa maraq və keçirmək istəyi olmalıdır ki, biz də bu barədə fikirləşək”.

Moskva “Dinamo”su ilə təxirə salınan döyüş barədə danışan baş menecer bunu texniki məsələlərdən irəli gəldiyini deyib.

“Baku Fires”in baş məşqçisi Nurupaşa Talıbov da komandasının uğur qazanacağına inandığını vurğulayıb. O bildirib ki, heyətlərində debütant yer alsa da, sabah keçiriləcək görüşdə onun gücünü azarkeşlər görəcək.

Komandamızla yanaşı, Qazaxıstan, Ukrayna və bir neçə klubu yarışın favoritləri arasında görən mütəxəssis “Baku Fires”in üzvlərinin Azərbaycan çempionatında çıxışı barədə də danışıb: “Yanvarın 15-nə kimi komandanı tam komplektləşdirəcəyik. Kluba 1-2 güclü boksçu cəlb etmək istəyirik. Bu o demək deyil ki, biz zəifik. Sadəcə, daha iddialı olduğumuz üçün bu lazımdır. Ölkə çempionatında klubumuzun üzvlərini isə müəyyən təcrübə lazım olduğu üçün yarışa buraxdıq. Lakin liderlərimiz burada iştirak etmirlər”.

“Poland Hussars”in baş məşqçisi Rubert Muqaçiyev isə sabah maraqlı görüş keçəcəyini deyib: “Heyətimizdə bir neçə debütant yer alıb. Onlar mübarizəyə hazırdırsa, niyə rinqə çıxmasınlar? Rəqib güclü olduğundan görüş çox gərgin və maraqlı alınacaq”.

Qeyd edək ki, döyüş saat 19:00-da başlayacaq. “Baku Fires” 3 görüşdən 9 xal topladığı halda, rəqib 4 matça 6 xal yığıb.