17:24 11-01-2013
news_image
1488
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycan güləşinin damarına təzə qan vuracağıq” - MÜSAHİBƏ

Bu gün Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Cəmşid Xeyrabadi ictimaiyyətə təqdim olunub. Apasport.az saytının məlumatına görə, iranlı mütəxəssis mətbuat nümayəndələri ilə məşq zalında – hazırlıq prosesində söhbətləşib. O, Azərbaycan yığmasını seçməsini, komandamızın gələcək planlarını və qarşıdakı yarışlarda hədəfləri açıqlayıb.

- Azərbaycan millisindən təklif alarkən çox fikirləşdiniz, yoxsa qərarınızı verməyə tərəddüd etmədiz?
- Mənə ölkənizlə yanaşı, 11-12 ölkədən təklif gəlmişdi. Bunların hamısını analiz edəndə gördüm ki, hamısından yaxşısı Azərbaycandır. Çünki buranın güləşini çox analiz etmişəm və hər cəhətdən bizim ölkəyə yaxındır. Bu tam aydın olduqdan sonra təklifi qəbul etdim. Bundan əlavə, ölkənizin Güləş Federasiyası bu idman növünün inkişafında çox maraqlıdır. Bu niyyəti gördüm və özüm də bunda maraqlı oldum. İnşallah, Azərbaycan güləşini yüksəklərə qaldıracağam.

- Azərbaycanda güləşi daha yüksəklərə qaldırmaq üçün hansısa proqramı hazırlamısınızmı?
- Burada bunun üçün 5 mühüm şeyə ehtiyacımız var. Birincisi, şükür Allaha, federasiya tərəfdən hansısa problem yoxdur. İkincisi odur ki, idmançılar bizim məşq prosesimizə vərdiş etsinlər. Bundan əlavə, əvvəllər komanda həftədə 3-4 dəfə hazırlıq keçib. Amma bizim fikrimiz belə deyil. Komandaya hər gün, özü də 2 dəfə - səhər və axşam məşqi keçəcəyik. Bunlar da bir-birindən fərqlənəcək. Məsələn, 1 gün güləşəcəklər, ardınca ağır daşlarla işləyəcəklər, daha sonra üzgüçülüklə məşğul olacaqlar və s... Dördüncüsü, media bizə dəstək verə, buna doğrudan ehtiyacımız var. İşlərimizi daha da irəli aparmaq üçün komandamızı tək qoymayalar. Sonuncusu, Azərbaycanda yunan-Roma güləşi üzrə çalışan məşqçilər də bizlə bir ürək və bir əl olsunlar ki, yığmamızı göylərə qaldıraq. Məqsədimiz komandamızı parlayan ulduza çevirməkdir. Hamımız da bunun üçün çalışmağa gəlmişik.

- 8 mütəxəssislə Azərbaycana gəlməniz bunu reallaşdırmağa imkan verəcəkmi?
- Bəli, Azərbaycan güləşinin irəli getməsi və dünyada 1 nömrəyə çevrilməsi üçün 8 məşqçi ilə gəlmişik. İnanıram ki, buraya gələn mütəxəssislər həm mənə, həm də ölkənizin güləşinə çox böyük kömək edəcəklər. Düzdür, istəklərimiz bir qədər zaman aparacaq. Lakin sizə söz verirəm ki, Azərbaycan güləşi hər yerdə ulduz kimi parlayacaq.

- Yığmanın heyətində hansısa dəyişiklik gözlənilirmi? Məsələn, son Azərbaycan çempionatının finalında 96 kq çəki dərəcəsində Saman Təhmasibiyə uduzan Şalva Qadabadze məşqdə gözə dəymir...
- Mən Azərbaycan güləşinin inkişafı üçün əlimdən gələni edəcəm. Qarşıda bizi 3 yarış – Dünya Kuboku, Avropa və dünya çempionatı gözləyir. Bunlara yeni heyət çıxarmaq üçün bizim elə də vaxtımız yoxdur. Bu yarışlarla bağlı bir fikrimiz var ki, komandanın üzvlərini ayrı-ayrılıqda yoxlayaq. Ardınca isə Azərbaycanda güləşin “damarına” təzə qan vuracağıq. Yaxşı güləşçiləri ki, alacağıq, bu, əməli olacaq.

- Yığmaya yeni legionerlərin gəlişi gözlənilir?
- Azərbaycanda yüngül çəkilərdə heç bir problem yoxdur. Komandada ağır çəkidə problem var. Bunu aradan qaldırmaq üçün bir güləşçi gətirəcəyəm. Dünya çempionudur. Boşluğu aradan qaldırmaq üçün ondan istifadə edəcəm. Əsas odur ki, bununla bağlı nə İranda, nə də Azərbaycanda problem olmasın.

- Həmin güləşçinin adını açıqlaya bilərsizmi?
- Bunu deyə bilərəm. Amma ikitərəfli razılıq tam təsdiqini tapmadığından adı sonraya qalsın.

- İran güləşi ilə müqayisədə Azərbaycanda hansı çatışmazlıqlar hiss olunur?
- Məmmədi Pənah mənim baş məşqçimdir və həmişə ona ehtiram edirəm. O mənim böyük qardaşımdır. İran güləşini əlimizə alarkən dünyada 32-ci idik. Amma sonda Londonda Olimpiadanın birincisi olduq. Yəni eşqlə, canla, ürəklə çalışmaq lazımdır. Yaxud həftədə 3 məşqi 1 gündə keçmək vacibdir. Bu amil bizi 32-ci yerdən 1-ci pilləyə daşıdı. İnşallah, Azərbaycanda da ancaq güləş, güləş, güləş, məşq, məşq, məşq... Sonda gözlədiyim bir sual qaldı ki, onu da özüm cavablandırım.

- Buyurun.
- Mənim köməkçilərim kimlərdir? Onlar dünyada 1-ci olmasalar da, digərlərindən geri qalmırlar. Sizlə söhbətimdə tərcüməçilik edən Cəfəri Nizafətdost həm mənə hazırlıqda, həm də ünsiyyətdə kömək edir.