21:05 11-01-2013
news_image

Finalçılar məlumdur

“Sərhədçi” İdman Olimpiya mərkəzində keçirilən boks üzrə böyüklər arasında Azərbaycan çempionatında finalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, yarımfinal mərhələsində bir çox döyüşlər gərgin mübarizə şəraitində keçib.

56 kq çəki dərəcəsində İlkin Ağayevlə təcrübəli Rəhim Nəcəfovun döyüşü böyük maraq doğururdu. Ancaq artıq 1-ci raundda Nəcəfovun qaşı partladığından hakimlər döyüşü dayandırmalı olublar. Ağayev finalda 2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədovla üz-üzə gələcək. Məmmədov finala gedən yolda 19-22 yaşlılar arasında Avropa çempionatının bürünc mükafatçısı Cavid Çələbiyevi məğlub edib – 21:15.

60 kq çəki dərəcəsində də finalda iki favorit üz-üzə gələcək. Yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş, ötən il keçirilən 19-22 yaşlıların Avropa çempionatının qalibi Elvin İsayev həlledici görüşdə gənclər arasında dünya çempionu Şaban Şahpələngovla qarşılaşacaq.

64 kq çəki dərəcəsində Heybətulla Hacəliyevin finalda Romal Amanova rəqib olacağı gözlənilsə də, bu baş tutmayıb. Belə ki, “Qızıl Əlcək” klubunun üzvü Tapdıq Bayramov yarımfinalda 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı Amanovu 14:11 hesabı ilə məğlub edib.

Tamerlan Abdullayevlə Qismət Eynullayevin (69 kq) döyüşü erkən final kimi qiymətləndirilirdi. 11:7 hesabı ilə qalib gələn Abdullayev finalda Elnur Süleymanovla görüşəcək.

London Olimpiadasının iştirakçısı Soltan Migitinovla 2011-ci ilin dünya çempionatında ölkəmizi təmsil etmiş Emil Əhmədov arasında qarşılaşma da yarımfinalın ən maraqlı döyüşlərindən olub. Yavaş-yavaş əvvəlki formasını bərpa edən Migitinov 15:7 hesabı ilə qələbə qazanıb. O, finalda Eldar Quliyevi məğlub etməyə çalışacaq.

81 kq çəki dərəcəsində də final görüşü maraqlı olacaq. London Olimpiadasının iştirakçısı Vətən Hüseynlini gənclər arasında Avropa çempionu Rauf Rəhimov dayandırmağa çalışacaq.

Finala da mübarizəsiz yüksələn Olimpiya oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov növbəti dəfə ən güclü olduğunu sübut etmək üçün “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayevi məğlub etməlidir.

Final döyüşləri yanvarın 12-də saat 12:00-da başlayacaq.

Yarımfinal döyüşlərinin nəticələri

49 kq
Salman Əlizadə (Sədərək) - Araz İmaməliyev (Qızıl Əlcək) - 29:7
Rüstəm Musayev (Qəbələ İdman Klubu) - Münasib Məmmədov (Rabitə) - 8:14

52 kq
Tural Əhmədov (Rabitə) - Əbdürrəhman Şirinov (Rabitə) - 13:11
Murad Əliyev (Neftçala) - Kamran Məlikov (Rabitə) 7:11

56 kq
İlkin Ağayev (Neftçi) – Rəhim Nəcəfov (Rabitə) ikinci zədələndiyindən döyüşü davam etdirə bilməyib.
Samir Məmmədov (Neftçi) - Cavid Çələbiyev (Rabitə) - 21:15

60 kq
Elvin İsayev (Rabitə) - Elnur Əliyev (Lənkəran) - 17:10
Şaban Şahpələngov (Qızıl Əlcək) - Valeh Ramazanov (Neftçi) - 12:5

64 kq
Heybətulla Hacəliyev (Rabitə) - Ruslan Qasımov (Qızıl Əlcək) - 18:8
Ramal Amanov (FHN) - Tapdıq Bayramov (Qızıl Əlcək) - 11:14

69 kq
Tamerlan Abdullayev (Rabitə) - Qismət Eynullayev (Rabitə) - 11:7
Fərid Quliyev (Gilan) - Elnur Süleymanov (Qızıl Əlcək) tam üstünlüklə ikinci qalib gəlib.

75 kq
Emil Əhmədov (Rabitə) - Soltan Migitinov (Baku Fires) - 7:15
Sübhan Abbasov (FHN) - Eldar Quliyev (Sərhədçi) - 4:21

81 kq
Vətən Hüseynli (Rabitə) - Elvin Qəmbərov (Astara) - 20:7
Rauf Rəhimov (Neftçi) – Cəfər Qasımov (Gilan) tam üstünlüklə birinci qalib gəlib.

91 kq
Teymur Məmmədov (Rabitə) – Sərvər Nəcəfov (Tərtər) Nəcəfov görüşə çıxmayıb.
Toğrul İsayev (Qızıl Əlcək) – Abdulqadir Abdullayev (Baku Fires) birinci görüşə çıxmayıb.

+91 kq
Əshab Abdulxaliqov (Baku Fires) – Vüqar Hüseynov (Neftçi) tam üstünlüklə birinci qələbə qazanıb.
Orxan Abdiyev (Musado) – Kamran Mehdiyev (Rabitə) tam üstünlüklə ikinci qalib gəlib.