00:33 14-01-2013
news_image
743
DİGƏR NÖVLƏR

"Böyük Dəbilqə" başlayır: Son qalib həyəcanlı, favorit sakitdi

Tennis üzrə keçirilən və "Böyük Dəbilqə" seriyasından olan "Australian Oren" turnirinin əsas mərəhələsinə bu gün Avstraliyanın Melburn şəhərində start veriləcək. Dünən başa çatan təsnifat mərhələsindən fərqli olaraq, əsas mərhələdə artıq həm kişilərin, həm də qadınların reytinq cədvəlində ilk 10 yeri tutanlar mübarizəyə qatılacaqlar.

Yeri gəlmişkən, ötən il analoji yarışda qadınlar arasında dünyanın 1 nömrəli raketka ustası olan belaruslu Viktoriya Azarenko, kişilər arasında isə turnirin üçqat qalibi adını daşıyan və dünyanın 1 nömrəlisi Hovak Cokoviç (Serbiya) qalib olub. Ümumiyyətlə, son illərin qaliblərinə gəlincə, 2008 və 2011-ci illərdə də kişilər arasında qələbəni Hovak Cokoviç qeyd edib. Bu turnirdə ən çox uğur qazanan isə Roje Federerdi (İsveçrə). Dünyanın 2 nömrəlisi 2004, 2006, 2007 və 2010-cu illərdə qalib adını qazanıb. Rafael Hadal 2009-cu, Marat Safin 2005-ci, Andre Aqasi isə 1995, 2000, 2001 və 2003-cü illərin qalibi olub.

Qadınlar arasında isə bu turniri ən çox udan amerikalı tennisçi, hazırda dünyanın üçüncüsü olan Serena Uilyams olub. Turnirin beşqat çempionu 2003, 2005, 2007, 2009 və 2010-u illərdə bu sevinci yaşayıb. Rusiyalı Mariya Şarapova isə yalnız 2008-ci ildə qələbəyə nail olub. 2011-ci ildə hamıdan güclü olan belçikalı Kim Kleysters də cəmi 1 dəfə uğur qazanıb. Onun həmyerlisi Jyustin Enen-Ardeni 2004-də bu uğura imza atıb. 2001/02-ci illərdə ABŞ təmsilçisi Cenifer Kapriati, 2000-ci ildə digər amerikalı Lindsey Devenport qələbəyə sevinib.

Tanınmış isveçrəli tennisçi Martina Hinqs isə 1997, 1998 və 1999-cu illərin qalibi olub.
Maraqlıdı ki, Azarenko bu gün startı veriləcək bəlli yarışın favoriti kimi Uilyamsı görür. O, eyni zamanda dünyanın 1 nömrəlisi olmasının çətinliyindən də danışıb: "Bütün yarışlarda hamı top-oyunçuları udmağa çalışır və bunun üçün də bütün gücünü ortaya qoyur. Bu, təbiidi. Mən özüm də vaxtı ilə 1 nömrəli olmadığım zamanlarda 1 nömrəli ilə oynayanda həmin hissləri keçirmişəm, onu udmaq istəmişəm. Onu deyə bilərəm ki, 1 nömrəli olaraq, yarışlara qatılmaq çox məsuliyyətlidi. Belədə çox həyəcanlı olursan, çünki yerini, mövqeyini itirmək istəmirsən. Mövqe qorumaq məsələsi hər zaman çətin olur".

Azarenkodan fərqli, Uilyams bildirib ki, onun üçün nə favorit, nə də autsayder olmağın fərqi yoxdu. Müxtəlif vaxtlarda gah favorit, gah da autsayder olduğunu vurğulayan Uilyams bildirib ki, heç bir həyəcan keçirmədən korta çıxır.