00:49 16-01-2013
news_image
1033
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires”də yeni sima

“Baku Fires” klubunun baş məşqçisi Nuripaşa Talibov “Argentina Condors”u məğlub edə biləcək gücdə olduqlarını bildirib. Apasport.az saytının xəbərinə görə, o, Bakıdakı qarşılaşmaya nisbətən, səfərdə daha çətin olacağını vurğulayıb: “Argentinalıları Bakıda 5:0 hesabı ilə məğlub etmişdik. Amma təbii ki, səfər görüşü çətin keçəcək. Rəqib komanda ən güclü boksçularını rinqə buraxacaq. Ancaq biz “Argentina Condors”u səfərdə də məğlub edə biləcək gücdəyik”.

Talibov “Poland Hussars”la matçdan razı qaldığını qeyd edib:

“Əlbəttə nəticədən razı qaldım. Polşa komandası heç də asan rəqib deyildi. Amma buna baxmayaraq, 5:0 hesabı ilə qələbə qazandıq. Komandamızın heyətində Üzeypat İsmayılov debüt etdi. O xeyli vaxt idi ki, boksdan ayrı düşmüşdü. 2-3 il idi böyük yarışlarda iştirak etmirdi. Bu baxımdan onun üçün müəyyən qədər çətin oldu. Döyüşün sonlarına yaxın yorulmuşdu. Amma özünü toparlayaraq, qalib gəldi.

Ramazan Məhəmmədova gəlincə, o son məşqlərin birində əlindən zədə aldı. Ancaq biz onu digər boksçu ilə dəyişməyə vaxt tapmadıq”. “Baku Fires”in baş məşqçisi super ağır çəki dərəcəsində müəyyən dəyişikliklərin ediləcəyini deyib: “Biz bütün boksçulara şans veririrk. Bu çəkidə Uzeypatdan başqa, Hacı Murtuzəliyev də özünü yaxşı tərəfdən göstərir. Eləcə də dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da bizim sərəncamımızdadır. Onu güclü rəqiblərlə matçlarda heyətə daxil etməyi düşünürəm. Azərbaycan çempionatında 2-ci yeri tutan Abdulqadir Abdullayevi də komandaya götürdük”.

Azərbaycan çempionu olan, London Olimpiadasının iştirakçısı Soltan Migitinovu isə “Baku Fires”də görməyəcəyik: “73 kq çəki dərəcəsində güclü rəqabət var. Bu çəkidə WSB liqasının fərdi yarışlarının finalçısı Haybulla Mursalov, Avropa çempionu Məhəmməd Nurutdinov, Avropa çempionatının bürünc mükafatçısı Jaba Xositaşvili çox yaxşı boksçudur. Qitə çempionatında 3-cü olmuş Nikolay Veselov da polşalılarla görüşdə yaxşı təsir bağışladı. Yəni bu çəkidə yetərincə rəqabət olduğundan Migitinova hazırda ehtiyacımız yoxdur.