11:48 16-01-2013
news_image
1322
DİGƏR NÖVLƏR

Namibiyalı veteran Azərbaycan yığmasına keçdi

Legionerlər hesabına formalaşan velosiped idmanı üzrə Azərbaycan komandası daha bir əcnəbiyə “qucaq” açıb. Apasport.az saytının məlumatına görə, yerli idmançı yoxluğunda Bakının “Sinergi” klubu bu dəfə Afrikaya üz tutub.

Belə ki, təmsilçimiz namibiyalı velosipedçi Dan Kreyveni heyətinə qatıb. London Yay Olimpiya Oyunlarında uğursuzluğa düçar olan idmançı yarışdan sonra “Siqma” klubundan da ayrılıb. Həmin vaxt çoxları onun karyerasını bitirəcəyini düşünsələr də, 30 yaşlı legioner Azərbaycandan gələn təklifdən imtina edə bilməyib: “Siqma” mənimlə müqaviləni uzatmaq istəməyəndə, özüm də karyeramın başa çatacağını düşünürdüm. Lakin hər şeyi birdən atmaq da çətin olur. Noyabrda Azərbaycan komandasından ilkin təklif gəldi. Sonra hər şey həll olundu. Bunun rəsmiləşməsi 6 həftə çəkdi”.

Klubla yanaşı, yığmamıza da cəlb olunması gözlənilən idmançı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da ölkəmizi təmsil edə bilər. Maraqlısı isə odur ki, Kreyven komandamızda çıxışı zamanı vətənində qalacaq. O, Namibiya və CAR-da məşq edəcək və yalnız yarışdan-yarışa klubuna qoşulacaq. Legionerimizin “Sinergi”də debütü fevralda Lanqkavi turunda olacaq.

Velosipedçi bildirib ki, Azərbaycanın sayəsində daha çox yarışda iştirak edəcək: “Ötən il yalnız Olimpiadada çıxış etdim. İndi isə il ərzində daha çox yarışlara qatılacam. Bu da məni sevindirir”.