13:09 21-01-2013
news_image
769
DİGƏR NÖVLƏR

Yığmamız Dünya Liqasına Qana ilə oyunla start verir

Bu gün Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə başlayacaq. Otüstü Hokkey Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçimiz yanvarın 16-da səfərə yollanıb və 5 gün ərzində yerli mühütə uyğunluq keçəndən sonra start görüşünü Qana hokkeyçilərinə qarşı keçirəcək.

Matç Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Sabah - yanvarın 22-də milli komandamızın rəqibi Avstriya hokkeyçiləri olacaq. Növbəti 3 gündə həmyerlilərimiz istirahət edəcəklər. Belə ki, təqvim üzrə yanvarın 23-də və 25-də turnir iştirakçılarının ümumi istirahəti nəzərdə tutulub.

Litva hokkeyçiləri son anda yarışdan imtina etdiklərinə görə millimiz yanvarın 24-də III turda yenə də məcburi istirahət edəcək. Yanvarın 26-da komandamız ev sahibi - CAR yığması ilə gücünü yoxlayacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.

Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq.