13:54 22-01-2013
news_image
795
DİGƏR NÖVLƏR

“APA Holdinq” saytlarına edilən hücumlarla bağlı açıqlama yayıb

Yanvarın 21-də axşam saat 22:25 radələrindən etibarən “APA Holdinq”ə daxil olan saytlara güclü haker hücumu başlayıb.

“APA Holdinq”in İnformasiya Texnologiyaları Departamentinin (İTD) verdiyi məlumata görə, serverlərə ddos xarakterli hücum olunur.

Hazırda “APA Holdinq”in İTD-nin serverlərin yerləşdiyi “Delta Telekom” LTD ilə qarşılıqlı əməkdaşlığı sayəsində saytlara Azərbaycan ərazisindən məhdudiyyətsiz giriş təmin edilib.

Lakin “Delta Telekom” LTD hücumun genişmiqyaslı olduğunu nəzərə alaraq, xidməti maksimum səviyyədə filtirləmək məcburiyyətində qaldığını bildirib. Buna görə də hazırda “APA Holdinq”ə daxil olan APA Agentliyinə məxsus www.apa.az saytına xaricdən giriş məhdudlaşdırılıb. Holdinqə daxil olan digər saytlara isə xaricdən də məhdudiyyətsiz giriş təmin edilib.

“APA Holdinq” baş vermiş problemlə bağlı oxucularından və müştərilərindən üzr istəyir, yaranmış problemin şirkətin məsuliyyəti ilə bağlı olmadığını bildirir. Ümid edirik ki, oxucularımız və müştərilərimiz bu vəziyyəti anlayışla qarşılayacaqlar.

“APA Holdinq” Azərbaycan internet məkanına edilən davamlı haker hücumlarını pisləyir və müvafiq qurumları bununla bağlı araşdırma aparmağa, problemin əsaslı həlli üçün addımlar atmağa çağırır.