15:26 22-01-2013
news_image
1021
DÖYÜŞ NÖVLƏRİ

Rusiya komandası döyüş üçün Bakını seçdi

Yanvarın 26-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) III turundan təxirə salınan görüşdə Azərbaycanın “Baku Fires” klubu Rusiya komandası ilə qarşılaşacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu görüş Rusiya paytaxtında keçirilməli olsa da, qarşılıqlı razılığa əsasən matç Bakıda baş tutacaq. Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Rusiya

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Məhəmməd Şeyxov (Rusiya)
61 kq. Xurşid Tocibayev (Özbəkistan) – Viktor Batalov (Rusiya)
73 kq. Jaba Xositaşvili (Gürcüstan) – Qamzat Qazəliyev (Rusiya)
85 kq. İaqo Kiziria (Gürcüstan) – Aleksandr Xotyantsev (Rusiya)
+91 kq. Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Vitali Kuduxov (Rusiya)

Qonaq komandanın heyətində ən təcrübəli boksçulardan biri Qamzat Qazəliyevdir. Xositaşvilinin rəqibi olacaq boksçu 2005-ci ildə yeniyetmələr arasında Avropa çempionu olub. 2010-cu ildə Rusiya çempionatında gümüş mükafat alan idmançı, 1 il sonra neft ölkələrinin Dünya Kubokunda 2-ci olub.

Dünya çempionumuz, Olimpiya oyunlarıın bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov bu mövsüm WSB liqasında ikinci döyüşünü keçirəcək. Həmyerlimiz Rusiya komandasının təcrübəli üzvü Vitali Kuduxovla üz-üzə gələcək. Kuduxov 2006-ci ildə yeniyetmələr arasında dünya, 1 il sonra isə Avropa çempionu olub. Kuduxov ötən il Rusiya çempionatında 3-cü yeri tutub. Rusiyalı boksçu WSB liqasında keçirdiyi 7 görüşün 5-də qalib gəlib.

Komandamızın heyətində bu mövsüm Xurşid Tocibayev və İaqo Kiziria ilk döyüşlərini keçirəcəklər. 2008-ci ildə Pekin Olimpiadasının iştirakçısı olan Tocibayev ötən mövsüm “Mexico Guerreros” klubunun heyətində 3 döyüşün ikisində qalib gəlib.
Qonaqlarda isə Viktor Batalov və Qamzat Qazəliyev debüt edəcəklər.

Turnir cədvəli:
1. Baku Fires – 15 (5 görüş)
2. Mexico Guerreros – 13 (6)
3. Poland Hussars – 9 (6)
4. Argentina Condors – 7 (5)
5. Rusiya – 4 (3)
6. Desert Hawks – 3 (5)