17:38 23-01-2013
news_image

“Nə vaxt bizə məktub göndərərlər, onda da qaydaları dəyişərik”

“Peşəkar boksdakı qaydaların həvəskar boksda da tətbiqi boksun bir olimpiya növü kimi məhvinə səbəb olacaq”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev deyib. O bildirib ki, son illər həvəskar boksda müşahidə olunan geriləmə 2012-ci il London Yay Olimpiya Oyunlarında özünü açıq-aşkar büruzə verib. 10 çəki dərəcəsi üzrə keçirilən yarışda medalların əksəriyyəti Avropa və Asiya ölkələrinə qismət olub. Əvəzində Afrika, Avstraliya və Okeaniya ölkələrindən medal qazanan olmayıb, Şimali Amerikadan yalnız ABŞ, Cənubi Amerikadan Braziliya, Mərkəzi Amerikadan Kuba medallara sahib ola bilib. Medallara yiyələnən 20 ölkədən 17-si Avropa və Asiyanı təmsil edib.

Abiyev bu yaxınlarda keçirilmiş Azərbaycan çempionatındakı hakimlikdən razı qaldığını açıqlayıb. Onun sözlərinə görə, döyüşləri 5 hakim idarə edib və qalib ümumi səslərin nisbəti ilə müəyyənləşib: “Belə hakimlik ən obyektividir. Çünki burada bərabər nəticə qeydə alına bilməz. Hesab ya 3:2, ya 4:1, ya da 5:0 olmalıdır”.

ABF rəsmisi bildirib ki, peşəkar boksdakı xalların hesablanma qaydalarının həvəskar boksda da tətbiqinin vacibliyinə dair Beynəlxalq Həvəskar Boks Assosiasiyasından (AİBA) heç bir məktub almayıblar. Digər tərəfdən, həmin qaydalarla görüşləri idarə etməyi bacaran hakimimiz yoxdur: “Nə vaxt bizə məktub göndərərlər, onda da qaydaları dəyişərik. Bunun üçün kompüterlərə də xüsusi proqramlar yazılmalı, hakimlərimizə dərslər keçirilməlidir. Qaydalar dəyişsə, yeniyetmə və gənc boksçular 10 raundadək döyüşlərə necə hazır olacaqlar?”

Qeyd edək ki, bu yaxınlarda WSB (Ümumdünya Boks Seriyası) Liqasında yarışan “Baku Fires” klubunun meneceri Rizvan Gənciyev Azərbaycan çempionatındakı hakimliyin qeyri-obyektiv olduğunu açıqlayıb.