12:11 28-01-2013
news_image
865
DİGƏR NÖVLƏR

Yığmamız mərhələ adlaya bilmədi

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaunda keçirilən Dünya Otüstü Hokkey Liqasının II raunduna yekun vurulub. Apasport.az saytının məlumatına görə, 5 ölkənin milli komandasının dairəvi sistemlə mübarizə apardığı yarışda Azərbaycan yığması mərhələ adlaya bilməyib.

Belə ki, ilk 2 turda qadın hokkeyçilərimiz Qana və Avstriya yığmalarına müvafiq olaraq, 4:0 və 2:1 hesabı ilə qalib gəldikdən sonra uğursuzluq zolağına düşüblər. Öncə ev sahiblərinə 0:7 hesabı ilə uduzan komandamız ardınca Belçika təmsilçiləri ilə görüşdən də məğlub ayrılıblar.

Həmin oyunun nəticəsi son tur ərəfəsində hərəyə 6 xal toplayan hər iki rəqib üçün böyük əhəmiyyət daşıyırdı. Növbəti mərhələyə çıxmaq üçün belçikalıları heç-heçə hesabı da qane edirdi. Milli komandamıza isə 2 vəsiqədən birinə sahib olması üçün yalnız istənilən hesablı qələbə lazım idi. Odur ki, qarşılaşma prinsipial xarakter daşıyırdı. Elə bu səbəbdən oyunun 1-ci hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra da rəqiblərin qol vurmaq istəyi ikinci hissənin 10-cu dəqiqəsinə qədər öz bəhrəsini verməyib. Matçın 45-ci dəqiqəsində cərimə zərbəsi (kiçik künc zərbəsi) vurmaq hüququ qazanan belçikalılar hesabı açıblar.

Hollandiya çempionatında çıxış edən Nelen Barbara fərqlənib. Görüşün sonuna qədər qalan 25 dəqiqə ərzində 1:0 hesabı dəyişməz qalıb.

V tur çərçivəsində CAR - Avstriya görüşündə birincilər 2:0 hesabı ilə qalib gəliblər. Beləliklə, 4 oyunun hamısını qələbə ilə başa vuran CAR və 9 xal toplayan Belçika yığmaları Dünya Hokkey Liqası turnirinin III raundunda iştirak etmək hüququ qazanıblar.

Aktivində 6 xalı olan Azərbaycan millisi yarış cədvəlində 3-cü yeri tutub. Hokkeyçilərimiz növbəti mərhələyə çıxa bilməsələr də, 120 reytinq balına sahib olublar. Yalnız 1 görüşdə qalib gəlməklə 3 xal yığan Avstriya yığması 4-cü nəticə göstərib. Qana hokkeyçiləri isə keçirdikləri 4 oyunun hamısında məğlub olublar.