10:42 29-01-2013
news_image

“Baku Fires” – “Desert Hawks”: Heyətlər məlumdur

Fevralın 2-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) VII turu çərçivəsində Azərbaycanın “Baku Fires” və Əlcəzairin “Desert Hawks” komandaları qarşılaşacaq. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi 6 oyundan 18 xal toplayaraq, A qrupunun vahid lideridir. Əlcəzair klubu isə 5 görüşdən 3 xal yığaraq, qrupda sonuncu yeri tututr. Səfərdə keçirilmiş ilk görüşdə də “Baku Fires” rəqibini 3:2 hesabı ilə məğlub edib.

Komandaların heyətləri artıq məlumdur:

Baku Fires – Desert Hawks

54 kq. Məhəmməd Qurbanov (Rusiya) – Vinsent Legrand (Fransa)
61 kq. Albert Səlimov (Rusiya) – Məhəmməd Amin Ouadahi (Əlcəzair)
73 kq. Məhəmməd Nuruddinov (Belarus) – Abdelmalek Rahou (Əlcəzair)
85 kq. Vladimir Çeleş (Moldova) – Matteu Bauderliq (Fransa)
+91 kq. Abdulqadir Abdullayev (Azərbaycan) – Çouaib Bouloudinats (Əlcəzair)

Əlcəzair komandasının heyətində ən təcrübəli boksçu superağır çəki dərəcəsində döyüşəcək Bouloudinatsdır. 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının 1/4 finalçısı olan boksçu London Olimpiadasında 1/8 finala kimi irəliləmişdi. Əlcəzairli idmançı bu mövsüm keçirdiyi 4 döyüşün 3-də qalib gəlib. O, “Baku Fires klubunun üzvü Əshab Abdulxaliqov üzərində də qələbə qazanıb. Bu dəfə Bouloudinatsın rəqibi komandamıza yeni cəlb olunan Abdulqadir Abdullayev olacaq. Abdullayev bu yaxınlarda Azərbaycan çempionatında 2-ci yeri tutub.

“Desert Hawks” klubunun heyətində peşəkar boks yarışlarında çıxış etmiş 2 fransalı idmançı da rinqə də çıxacaq. Legrand peşəkar rinqdə 11, Bauderlinq isə 4 döyüş keçirib.
Dünya və Avropa çempionu Albert Səlimovun rəqibi London Olimpiadasının 1/4 finalçısı Məhəmməd Oudahi olacaq.
Əlcəzairdə döyüşən boksçularımızdan bu dəfə yalnız Moldovalı Vladimir Çeleş bacarığını nümayiş etdirəcək.

Xatırladaq ki, Çeleş ilk görüşdə Nabil Kasseli məğlub etmişdi. Bu dəfə isə Bauderlinq ona müqavimət göstərməyə çalışacaq.

Turnir cədvəli:
1. Baku Fires – 18 (6 görüş)
2. Mexico Guerreros – 13 (6)
3. Poland Hussars – 9 (6)
4. Argentina Condors – 7 (5)
5. Rusiya – 4 (4)
6. Desert Hawks – 3 (5)

Qeyd edək ki, bu həftə A qrupunda daha bir görüş keçiriləcək. “Mexico Guerreros” doğma divarlar arasında “Argentina Condors”u qəbul edəcək.

B qrupunda isə 6 oyundan 18 xal toplamış “Astana Arlans” liderdir. “Dolce&Gabbana İtalia Thunder” isə 6 görüşdən 13 xalla 2-ci yeri tutur. “British Lionhearts” 12 xalla 3-cü, “Ukraine Otamans” isə xalla 4-cü yeri tututr.