17:01 29-01-2013
news_image

Olimpiya çempionumuz 9 pillə geri düşdü

Beynəlxalq Сüdo Federasiyası bu gün ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan yığmasının aparıcı cüdoçularından 3-ü mövqeyini yaxşılaşdırdıqları halda, 6-sı geriləyib.

Belə ki, Peter Zayzenbaherin yetirmələrindən Rüstəm Orucovla (73 kq) Kifayət Qasımova (57 kq) 2, Nicat Şıxəlizadə (66 kq) 1 rəqibini arxada qoyub. Onlar müvafiq olaraq, 15-ci, 12-ci və 27-ci yerə yüksəliblər.

Millimizin heyətində ən çox geriləyən Olimpiya çempionumuz Elnur Məmmədli olub. 81 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 9 pillə geriləyərək, 12-ci yerə enib. Ondan əlavə, aparıcı cüdoçumuz Elxan Məmmədov (90 kq) 19-cu pilləyə düşüb. O, 8 rəqibini özündən irəli buraxıb.

Həmçinin, Tərlan Kərimov (66 kq) 3, Elmar Qasımov (100 kq) 2, İlqar Müşkiyevlə (60 kq) Ramilə Yusubova (63 kq) hərəyə 1 pillə aşağı enib. Onlar yeni siyahıda müvafiq olaraq, 20-ci, 23-cü, 8-ci və 20-ci yerləri tuturlar.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.