17:54 04-02-2013
news_image
2497
STOLÜSTÜ OYUNLAR

Azərbaycanlı zabit yeni şahmat növü yaratdı

Ağstafa rayonunun sakini, ehtiyatda olan zabit Nizami Əfəndiyev “Şahanə” adlı yeni oyun icad edib. Əfəndiyev bu barədə ilk dəfə Lent.az-a danışıb. Yeni kəşfi ilə birgə “APA Holding”in redaksiyasında qonaq olan Nizami müəllim deyir ki, hələ 7 yaşından şahmat oynayır, düz 53 ildir. Onun fikrincə, V əsrdə yaranmış şahmatın gedişləri ilə XXI əsrin insanının indiki intellektual səviyyəsi bir qədər təzad təşkil edir.

6 ay öncə isə o, yuxuda ikən yeni oyun oynadığını görüb. Yuxuda təsvir olunan fiqurları o, ayıldıqdan sonra ağacdan yonaraq hazırlamağa başlayıb: “Əvvəl yeni fiqurları yonub hazırladım. Bilirsiniz, yer üzündə nə yeni kəşf, icad varsa, hamısı Allahın yaratdıqlarıdır. İnsanlar isə sadəcə, həmin qanun, kəşf və icadları öz adları ilə tanıdırlar. Bu da Allahın yaratdığı bir şeydir. Mən isə onun, sadəcə, öz adımdan həyata qədəm qoymasını istəyirəm”.

Müəllif ənənəvi şahmatdakı fiqurları daha müasir döyüş arsenalı ilə əvəzləyib. “Bu gün raketlər, qırıcı təyyarələr, döyüş maşınları, hərbi vertolyotlar, hava hücumundan müdafiə qurğuları mövcuddur. Onları canlandırmaq, fiqur şəklində gözə görünən tərzə salmaq və bununla da beyində yaddaşı daha da gücləndirmək baxımından, bu oyun əhəmiyyətlidir”.

Şah əvəzinə ABK

“Şahanə” üfüqi və şaquli olmaqla, hər tərəfi 12 xanadan ibarət taxta üzərində ağ və qara fiqurlarla oynanılır. Mərkəzdə Şah yox, Ali Baş Komandan (ABK) durur. Onun solunda Vəzir deyil, Hərbi Komandan (müdafiə naziri) qərarlaşır. Bundan sonra kənarlara doğru 2 Helikopter, 2 Döyüş Maşını, 2 Qırıcı Təyyarə, 2 Havadan Mühafizə Qurğusu və 2 Uzaqvuran Qanadlı Raket yer alır. Bu 12 fiqurun qarşısında isə eyni sayda Əsgər durur. Piyadalara nəzərən, Əsgərlərin funksiyası artırılıb. Hər bir əsgər rəqibin son xəttinə çatdıqda Qəhrəman adını alır və öz komandasına 1 xal qazandırır, ABK və Müdafiə Nazirinin gedişlərini etmək hüququna yiyələnir. Onun tanınması üçün sağ çiyninə göy, qırmızı və yaşıl rəngdə bayraq taxılır.

Piyada xal qazandırır

İkinci Əsgər ön xəttə çıxdıqda isə oyun tamamlanır. Əfəndiyev bunu belə əsaslandırır: “Əgər iki Əsgər düşmən torpağına gedib çıxırsa, deməli, bu, qələbə deməkdir. Beləliklə, qalib tərəf 2 xal qazanır”.
Şahmatda Şaha hücum edildiyi kimi, “Şahanə”də də ABK-ya qarşı hücum olunur. Burada da rəqib ABK-nı çıxılmaz vəziyyətə salmaq üçün taktikalar qurulur. Amma “Şahanə”də nə “Şah”, nə də “Mat” sözündən istifadə olunmur. Onları “Hücum” və qarşı tərəf – ABK-nın getməyə hər hansı xanası yoxdursa, “Təslim” əvəzləyir. Bununla da oyun bitir.

Helikopterlə birgə hücum

“Şahanə”dəki gedişlər də şahmatdakından fərqlənir. Bu oyunda helikopter T hərfi şəklində olmaqla, qarşıdakı 2 xanaya gediş edə və ya həmin xanalardakı rəqib fiquru vura bilər. ABK şahmatda olduğu kimi hər tərəfə 1 xana gediş edə bilər. Amma o, hər hansı təhlükə ilə qarşılaşdıqda, helikopterlə birgə hərəkət edir. Bu zaman ABK helikopterin istənilən gedişini etmək hüququna malik olur. Amma bir şərtlə ki, gedəcəyi xanalar boş olsun. Bu zaman ABK helikopterin onun hansı tərəfində yerləşdiyini nəzərə alaraq, həmin istiqamətdə hərəkət etməlidir. ABK yalnız yanındakı rəqib fiquru vura bilər.

Əsgərlər durduqları yerdən irəliyə ilk gedişini 4 xanayadək edə bilər. Sonradan isə bir-bir irəliləməlidir. Rəqibini isə şahmatdakı kimi, sağa-sola vurmalıdır. Digər fiqurlar onun yolunu açmağa və rəqibin yerləşdiyi məkana çatmasına kömək etməlidir. Şahmatda piyadalar qurban verilirdisə, “Şahanə”də Əsgər qırıcı təyyarə və ya döyüş maşınlarından daha önəmli sayılır.

Hərbi Komandan, Qırıcı Təyyarə və Uzaqvuran Qanadlı Raket şahmatda Vəzir, Fil və Top kimi hərəkət etməli və rəqibi onların vurduğu kimi vurmalıdır. Döyüş Maşınları isə 360 dərəcə ətrafındakı 1 xanaya hərəkət edə və oradakı rəqibi vura bilər. Havadan Mühafizə Qurğusu isə bir xətt boyunca 5 xanaya nəzarət edir.

Qalaqurmanı isə müəllif açıqlamayıb. Eynilə oyunun adının mənası kimi. Deyir ki, hər ikisinin açmasını gələcəkdə deyəcək: “Qoy, bunlar sürpriz olsun”.

***

Əfəndiyev deyir ki, “Şahanə” oyunu Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilərək, patent hüququ alınıb. Azərbaycan Şahmat Federasiyası isə agentlikdən rəsmi qeydiyyat sənədini aldıqdan sonra oyuna dair rəy verəcək.

Fiqurların kompüter variantı hazırlandıqdan sonra Beynəlxalq Şahmat Federasiyasına göndəriləcək. Eyni zamanda, fiqurların kütləvi istehsalına başlanılacaq.