12:56 06-02-2013
news_image

“Bu hallarda rəhbərliyə yazılı müraciət olunur” - MÜSAHİBƏ

Azərbaycan Taekvondo Federasiayasının həkimi Arzu Nəcəfova qurumun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis idmançıların yarışlara hazırlığı zamanı lazımı öhdəliklərdən danışıb, onların zədələnməməsi üçün tövsiyələrini açıqlayıb.

- İdmançılarla çalışan həkimlərin üzərinə hansı məsuliyyət düşür?
- Həkimlər idmançıların sağlamlıq vəziyyətini nəzarətdə saxlayır. İdmançılar vaxtaşırı olaraq və lazım gəldikdə həkim və tibbi müayinələrdən keçirilir, müalicə olunurlar.

- İdmançılarla işləmək üçün federasiya tərəfindən nə kimi şərait yaradılıb?
- Həkimlərin çalışması üçün hər bir şərait təşkil olunub. Lazımlı tibbi avadanlıqlar və dərman preparatları ilə təmin olunmuşuq.

- Seçmə komandaların üzvlərinin fiziki sağlamlıq durumu necədir?
- Komanda üzvlərinin sağlamlıqları daima həkim nəzarətindədir, hazırkı fiziki durumları müsbət qiymətləndirilir.

- Milli komanda turnirlər qabağı hansı tibbi prosedurlardan keçirilir?
- İdmançılarımız turnirlərqabağı ümumi həkim müayinəsi və qan analizləri, dözümlülük və bərpa testlərindən keçirlər.

- Taekvondoçular tez-tez beynəlxalq yarışlara gedirlər. Həkimlər onların akklimatizasiyası və saat qurşağının dəyişilməsində baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasında nə köməklik göstərirlər?
- Ölkədən xaricdə olduqda hava, su, qida və vaxt dəyişkənliyi olduğundan bu özünü idmançıların fiziki durumunda olan dəyişikliklərlə göstərə bilir. Bunun üçün həzm sistemində baş verə biləcək problemlər, başağrısı, əhval dəyişkənliyini aradan qaldırmaq üçün lazımi dərman preparatlarından istifadə olunur.

- Taekvondoçular bio-əlavələrdən istifadə edirlərmi və onların nə kimi təsirləri olur?
- Bəli edirlər, bio-əlavələr daimi aktiv hərəkətdə olan idmançı orqanizmini lazım olan vitaminlər, mikroelementlər, aminturşuları ilə təmin edir. Bu isə öz növbəsində onların orqan və sistemlərinin normal fəaliyyəti, fiziki gücü üçün vacibdir, bununla yanaşı bio-əlavələr idmançıları ətraf mühitin mənfi təsirləri və stressdən qoruyur.

- Çəki artımı müşahidə olunduqda və ya çəkisalma həddən artıq baş verdikdə həkimlər nə kimi tədbirlər görür?
- Çəki artımı müşahidə olunduqda piy ölçülməsi və digər testlər aparılır. Artımın səviyyəsindən asılı olaraq idmançıya xüsusi pəhriz və fiziki hərəkətlər təyin olunur. Çəkisalma həddən artıq baş verdikdə bu bədənin çoxlu miqdarda su və lazımi mineral maddələr itirməsinə səbəb olur, bu zaman onların bərpası mütləqdir.

- Taekvondoçularda hansı zədələrə daha çox rast gəlinir?
- Ən çox rast gəlinən zədələr yumşaq toxuma əzilmələri, əzələ dartılması, menisk zədələnmələri, bağ, vətərlərin qırılması, əl darağı və bilək sümüklərinin sınıqlarıdır.

- İdmançılarda zədə və ya hər hansı ciddi problem aşkarlandıqda işlər hansı ardıcıllıqla aparılır?
- İlk növbədə yerində ilk tibbi yardım göstərilir, daha sonra isə zədə və ya digər problemi yaradan səbəblər aradan götürülmək şərtilə müalicə tətbiq olunur. İdmançının sağlamlıq durumunda ciddi problemlər baş verirsə, o dərhal hospitalizasiya edilir.

- Həkim məsləhəti olaraq, zədələnmələrdən yayınmaq üçün idmançılara hansı məsləhətlər verirsiniz?
- Zədələnmələrdən yayınmaq üçün hər bir taekvondoçu məşqlər zamanı mütləq qoruyuculardan istifadə etməlidir. Gündəlik həyatında isə belə hallara səbəb ola biləcək hallardan maksimum qorunmalıdır.

- Fiziki sağlamlıq durumunu yüksəltmək üçün idmançılara hər hansı hərəkətlərin icrası və ya göstərişlər verilirmi?
- İdmançıları fiziki sağlamlıq durumu dedikdə ilk növbədə sağlamlıq, bədən quruluşu və bədənin fizioloji funksiyaları başa düşülür. Fiziki durumu yüksəltmək üçün əvvəlcə idmnaçının sağlamlıq durumu müəyyənləşdirilməli, ona uyğun düzgün proqram qurulmal və tətbie edilməlidir.

- Əgər idmançı xəstə və zədəli deyilsə, ona tətbiq edilən preparatların hansı əhəmiyyəti var?
- İdmançı xəstə və zədəli olmasa belə, onun fiziki sağlamlıq vəziyyətinin normada saxlanılması və fiziki dayanıqlı olması üçün müəyyən preparatların qəbulu vacibdir. Bu prosses nəzarətdədir.

- Normal qidalanmaya bir həkim kimi münasibətiniz necədir, idmançı necə qidalanmalıdır?
- İdmançıların qidalanma menyusunda orqanizm üçün gündəlik lazım olan mineral maddələr, vitamin və zülal, karbohidrat, su və digər həyati vacib qidalar qəbul olunmalıdır. Normadan artıq və ya az, bir sözlə düzgün olmayan qidalanma piylənmə və ya çəkinin aşağı düşməsinə gətirib çıxarır ki, bu da birbaşa idmançının fiziki göstəricilərinin aşağı düşməsinə səbəb olur.

- İdmançı həkim göstərişlərinə əməl etmədikdə hansı tədbirlər həyata keçirilir?
- Təbii ki, həkim tərəfindən təyin edilən hər bir prosedur birbaşa idmançının yüksək nəticə göstərməsinə yönəlir. Bu hallarda idmançıya xəbərdarlıq edilir və rəhbərliyə yazılı müraciət olunur.