16:52 08-02-2013
news_image

“Azərbaycanda elə boksçular var ki...”

“Xeyli vaxtdır “Baku Fires”in heyətində məşqlərimi davam etdirirəm. Döyüşə ciddi hazırlaşmışam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının boksçusu Elvin Məmişzadə deyib.

Avropa çempionatının gümüş mükafatçısı, London Yay Olimpiya Oyunlarının iştirakçısı sabah “Baku Fires”in heyətində Ümumdünya Boks Seriyasında (WSB) ilk döyüşünə çıxacaq.

Məmişzadə Rusiya komandası ilə döyüşdə debütə hazır olduğunu söyləyib: “Sabah qalib gəlmək istəyirəm. Vyaçeslav Taşkarakovla tanışlığım yoxdur. Bu rusiyalı idmançı ilə ilk görüşüm olacaq”.

Məmişzadə azərbaycanlı boksçuların nəyə görə WSB liqasında mübarizə aparmaqda maraqlı olmadıqları sualına da aydınlıq gətirib: “Əslində, Azərbaycanda elə boksçular var ki, “Baku Fires” klubunu gücləndirə bilərlər. Onlar liqada heç də pis çıxış etməzlər. Amma müəyyən səbəblərə görə, onların iştirakı baş tutmur. Bəzilərinə klubları icazə vermir, bəziləri də digər səbəbdən”.