12:58 13-02-2013
news_image

FİLA Azərbaycan Güləş Federasiyasının vitse-prezidentini Tailanda çağırdı

Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərarından çox təəccüblənib. Lent.az-ın məlumatına görə, bu barədə FİLA-nın yaydığı rəsmi açıqlamada bildirilir.

Bəyanatda qeyd olunur ki, FİLA-nın Bürosu 16-17 fevralda Tailandın Phuket şəhərində bir araya gələcək. 22 Büro üzvü arasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev də var. Toplantıda İOC İcraiyyə Komitəsinin mayda Rusiyanın Sankt-Peterburq şəhərində keçirəcəyi iclası üçün güləşin təqdimatının hazırlanma məsələsi müzakirə olunacaq: “FİLA İOC İcraiyyə Komitəsi və İOC üzvlərini belə qərarın qədim və müasir olimpiadaların banilərindən olan idman növünə qarşı yönəldiyini inandırmağa çalışmaq üçün bütün lazımi tədbirləri görəcək. FİLA İOC-un bütün qaydalarına əməl edir. Üzvümüz olan 180 ölkənin çoxunda güləş milli idman növü və idmançıların öz ölkələrini olimpiadalarda təmsil etmək üçün yeganə imkan sayılır”.

Qeyd edək ki, güləş 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında da yer almaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin təqdimatı mayda İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərindəki iclasında olacaq. Yekun qərar isə sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək.