15:59 14-02-2013
news_image

“Bir səviyyəli yarış 3 aylıq toplanışa bərabərdi” - MÜSAHİBƏ

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Məmməd Abdullayev federasiyanın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis İsveçdəki beynəlxalq turnir, qarşıdakı Avropa çempionatı və digər yarışlar barədə danışıb.

- 2013-cü ilin ilk beynəlxalq turnirindən uğurla döndünüz. Nüfuzlu “Trelleborq Open” turnirində 3 qızıl və 2 bürünc medal qazandınız...
- Gənclərdən ibarət seçmə komanda yanvarın təlim-məşqlərə başladı. Taekvondo Federasiyasının mənzil-qərargahında yerləşən təlim-məşq bazasında gündə 3 dəfə olmaqla, 10 gün fiziki yükləmə məşqləri keçdik. Yəni taekvondoçuları fiziki normativlər və surət testlərindən keçirdik. “Trelleborq Open”ə yolanmazdan 6 gün əvvəl isə texniki-taktiki hazırlıqlar keçdik. İsveçdəki yarışda əsas məqsəd, idmançıları fiziki tərəfdən yoxlamaq idi. Nəticədə onların 60 faizi belə deyək, rəsmi yarışlar üçün yox, turnir üçün bizi qane etdi.

- Seçmə komandanın heyəti ilə bağlı fikirlərinizi bilmək isərdik: hansı fərqləri görmək olar?
- Bu ilin ilk heyəti idi, etimad göstərilən idmançıları cəlb etmişdik. Ötən ilin dekabrında respublika çempionatında gözlənildiyindən aşağı nəticə göstərən idmançılar vardı ki, bu yarışda ümidləri doğrultdular. Məsələn, Nərminə Məmmədovanı (44 kq) qeyd etmək istəyirəm. İsveçdəki turnirdə finalda qitə çempionunu finalda məğlub etdi. Bildiyiniz kimi, bu ilin sentyabrında Portuqaliyada gənclərin qitə çempionatı var. Orada iştirak edəcək ilkin heyət, yarışdan 3 ay əvvəl məlum olacaq. O vaxtacan isə bir sıra beynəlxalq turnirlərə, təlim-məşqlərə getməyi planlaşdırırıq ki, sonda uğurlu seçim etməklə Avropa çempionatında yüksək nəticə göstərək.

- Deməli, ötən illərə nisbətən bu il gənclərin daha çox turnirlərdə iştirakı gözlənilir?
- İdmançının nəticəsi yalnız məşqlərdən asılı deyil. Mümkün qədər yarışlarda iştirak etmək lazımdır. Hətta deyərdim ki, bir səviyyəli yarışa qatılmaq 3 aylıq təlim-məşqlərə bərabərdir. Əsas nəticədir, bizə fəxri kürsüdə yer qazana bilən, rəqiblərindən üstün idmançı lazımdır. O isə daha çox döyüş meydanında yetişir.

- Yeri gəlmişkən, növbəti turnirlər təyin edilib?
- Martda Hollandiya, apreldə Belçika, iyunda Avstriyadakı A kateqoriyalı turnirlərə böyüklərlə birlikdə yollanmaq niyyətindəyik. 2014-cü ildə gənclərin Olimpiya oyunlarının çəki dərəcələrinə uyğun olaraq, gələn ay Almaniyadakı açıq turnirdə 5 nəfərədək heyətlə iştirak etməyi planlaşdırırıq. Hollandiyadakı yarışdan sonra çox güman ki, xaricdə təlim-məşq toplantısına gedəcəyik.

- Avropa çempionatınadək kifayət qədər gərgin iş qrafiki seçmisiniz. Heyətin son seçimini hansı göstəricilər üzrə təyin edəcəksiniz?
- Məşqçilər heyəti olaraq heyətin hər bir üzvünə şans veririk. Qarşıdakı aylarda yarışda iştriak edəcək heyət üzvləri üçün xal cədvəli tərtib edilib. İdmançının neçə xal vurduğu və neçə xal buraxdığı sentyabradək hesablanacaq. Alınan nəticələr onların özlərinə, milli komandaların digər məşqçilərinə və idmançıların fərdi müəllimlərinə də göstəriləcək. İyunun axırında Avstriyada bizim son yarışımız olacaq və onun ardından Avropa çempionatı üçün ilkin heyət açıqlanacaq. Fikrimcə, rəsmi yarışlara bir ay qalmış idmançının heyətə salınmasını bildirmək, onda həyəcanlara səbəb ola bilər ki, bu amil də sonda nəticəyə mənfi təsir göstərər. Onu da qeyd edim ki, ehtiyat heyət də təyin olunacaq.

- Komandadakı yeni idmançılar özlərini necə göstərdilər?
- Bu dəfəki heyətdə Cəmaləddin, Məmmədnəbi Alqayev (55 kq), Saməddin Əliyev (69 kq) də var idi. Onların ilk beynəlxalq yarışları idi. Düzdür, medalsız qaldılar, amma döyüşdən qorxmadılar. Bəzi səhvlər buraxsalar da, ümumilikdə onlardan razı qaldım, belə idmançılara beynəlxalq yarış təcrübəsi lazımdır. Onlara yenə şans veriləcək. Nisbətən təcrübəli idmançılara gəlincə, Nərminə Məmmədova (44 kq), Ayxan Tağızadə (63 kq) və Səid Quliyev (73 kq) çempion olmaqla sözlərini dedilər. Həmişə özlərinə də deyirəm ki, bu günə görə çox sağ olun, sabah cavab verməlisiniz. Elə idmançılarımız da vardı ki, daha yaxşı nəticə göstərə bilərdilər. Məsələn onlardan biri Məhəmməd Məmmədov (55 kq) öz səhvi üzündən finaldan məhrum oldu.

- İdmançılar hansı çatışmayan cəhətlər üzərində ciddi işlənməlidir?
- Bəli, müəyyən mənfi cəhətlər var ki, Zahid müəllimlə (Zahid Məmmədov, Gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi) birgə qeydlər apardıq. Əsasən elektron jiletlərlə xal alandan sonra xal buraxmaq və bəzən 3 xal irəlidə olarkən başa zərbə buraxmaqla üstünlüklərin əldən verirlər. Qarşıdakı məşqlərdə bu məqamların da üzərində ciddi işləyəcəyik.