15:20 15-02-2013
news_image
1083
DÖYÜŞ NÖVLƏRİ

Yığma komandalarımızın heyəti açıqlandı

İranın paytaxtı Tehranda keçiriləcək yunan-Roma və sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışlarında iştirak edəcək Azərbaycan yığmalarının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, klassik növdə millimizin heyətində Eldəniz Əzizli (55 kq), Taleh Məmədov, Sakit Cəlilov (hər ikisi 60 kq), Rəsul Çunayev (66 kq), Şamil Ertuqanov, Niyaməddin İbrahimov (hər ikisi 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze, Saman Təhmasibi (hər ikisi 96 kq) və Radomir Petkoviçin (120 kq) yer alması planlaşdırılıb.

Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan komandaların iştirak edəcəyi yarışda böyük məşqçi Nasir Burbaxış, məşqçilər Nezafet Dost Cəfər və Əsgər Musavinin rəhbərliyi altında qüvvələrini sınayacaqlar.

Sərbəst güləş üzrə Dünya Kuboku yarışında isə Azərbaycan, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə yığmaları mübarizə aparacaqlar. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Tehrana Mahmud Məhəmmədov, Qalib Əliyev (hər ikisi 55 kq), Ağahüseyn Mustafayev (60 kq), Ruslan Dibirhacıyev (66 kq), Əşrəf Əliyev (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli İsayev və Aslan Dzebişovun (hər ikisi 120 kq) yollanması planlaşdırılır.

Yarışın proqramına əsasən, fevralın 18-də yunan-Roma güləşi üzrə, fevralın 20-də isə sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Reqlamentə görə, komandalar 2 yarımqrupda mübarizə aparacaq. Yarımqrupun qalibləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

Qeyd edək ki, fevral 19-20-də yunan-Roma, 21-22-də sərbəst güləşçilər güclərini yoxlayacaqlar.