16:00 18-02-2013
news_image

Milli komandamız Misirə gedir

İranda yerli milli komanda ilə birgə toplanışda iştirak edən Azərbaycan taekvondoçuları Misirdə beynəlxalq turnirdə güclərini yoxlayacaqlar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun vitse-prezidenti Niyaməddin Paşayev və yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə səfərə yollanacaq heyətə 31 idmançı cəlb edilib.

Fevralın 24-27-də İsgəndəriyyə şəhərində “Alexandria Open” turnirində milli komandamızı qadınların baş məşqçisi Gündüz Abdullayev və kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanov da müşayiət edəcək. Məşqçilər heyəti müxtəlif çəkilərdə bir neçə idmançıya şans verib.

Belə ki, kişilərin heyətinə Samir Aydınov, Vüqar Kərimov, Məcid Sofiyev (hər üçü 54 kq), Samir Cavadlı, Vüsal Məmmədov, Ruslan Abbasov, Pərvin Əliyev (hamısı 58 kq), Ramik Nəzərov, Tahir Hüseynov (hər ikisi 63 kq), Hüseyn Mehralıyev, Fariz Əliyev (hər ikisi 68 kq), İlkin Şahbazov, Elvin Məmmədov, Vladislav Subbotin (hər üçü 74 kq), Ramin Əzizov, Xosrov Əhmədov, Ramin Abdullayev (hər üçü 80 kq) Bayraməli Vəliyev və Fərid Tağızadənin (hər ikisi 87 kq) adı daxil edilib. Qadınların yarışında isə ölkəmiz Xəyalə Quliyeva, Surə Fərəcli (hər ikisi 46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli, Ülviyyə İskəndərova (hər üçü 49 kq), Günay Ağayeva, Aygül Abdullayeva (hər ikisi 53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova, Aytən Səmədli (hər ikisi 62 kq) və Fəridə Əzizova (67 kq) ilə təmsil olunacaq.

Qeyd edək ki, 5-ci dəfə təşkil edilən “Alexandria Open” turniri Ümumdünya Taekvondo Federasiyasının “G1” dərəcəli yarışlarındandır. Bu nüfuzlu turnirin mükafatçıları eyni zamanda beynəlxalq reytinq xallarını artırırlar. Fevralın 21-də səfərə çıxacaq millimiz ayın 28-də Bakıya dönəcək. Misirdəki turnirin ardından taekvondoçularımızı gərgin yarış qrafiki gözləyir.