12:42 20-02-2013
news_image

Güləş olimpiadadan çıxarılır, yoxsa...?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) rəhbərləri arasında görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, BOK prezidenti Jak Roqqla FİLA prezidenti vəzifəsini müvəqqəti icra edən Nenad Laloviç martın 7-də bir araya gələcəklər.

Həmin görüşdə güləşlə yaranan problem, bu idman növünün Olimpiada-2020-dən çıxarılması barədə tövsiyə müzakirəsi olunacaq.

Bu arada daha bir maraqlı məqam da ortaya çıxıb. Belə ki, milli olimpiya komitələrinin rəhbərlərinin əksəriyyəti Roqqla görüşmək arzusundadırlar. Burada məqsəd güləşin Yay Olimpiya Oyunlarının proqramında saxlanılmasını məsələsinə yenidən baxılmasıdır.

Qeyd edək ki, BOK az öncə güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı tövsiyə xarakteri daşıyan qərar qəbul edib. Bunun ardınca FİLA prezidenti Rafael Martinetti istefa verib.

Bu idman növü ilə bağlı yekun qərar sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək BOK-un sessiyasında veriləcək.