17:12 21-02-2013
news_image

“Belə etimad və səmimiyyət bizi təəccübləndirdi” - MÜSAHİBƏ

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Gündüz Abdullayevin müsahibəsi

- Böyüklərdən ibarət milli komandalarımız son illər xaricdə hazırlıqları daha çox Koreyada keçirirdi. Ötən günlərdə isə İranda təlim-məşqlərdə oldunuz...
- Əvvəla onu qeyd edim ki, artıq 15 ilə yaxındır İran taekvondosu ilə bizim isti əlaqələrimiz mövcuddur. Lakin yarış qrafikinin sıxlığı və zaman tələb edən müəyyən işlər vardır ki, bu əlaqələrin bir qədər zəifləməsinə gətirdi. Ötən ilin son aylarında federasiya rəhbərliyi və məşqçilər heyəti bir yerdə məsləhətləşib taekvondoçularımızın döyüş təcrübəsini, texniki-taktiki səviyyəsini artırmaq üçün dünyanın birinci komandası olan İran idmançıları ilə işləmək qərarına gəldik. İranlı həmkarlarımızla birgə çalışmaq üçün məşqçilər arasında illərdir yaranan sıx münasibətlər əsas rol oynadı.

- İran millisi dünya taekvondosunun liderlərdən sayılır. Bu komanda ilə birgə toplanışın baş tutması barədə ətraflı məlumat verə bilərsinizmi?
- Milli komandaların baş məşqçisi Ələkbər İmaməliyevlə yanvarın 2-də qonşu ölkəyə yola düşdük. Orada 17 il İran seçmə komandasının baş məşqçisi olmuş, indi isə federasiya rəsmilərindən biri Həsən Zoğədri ilə görüşüb bu barədə danışıqlar apardıq. Görüşdən əvvəl də Ələkbər müəllim yarışlarda və telefon danışığı ilə bu barədə söhbətlər aparmışdı. Qulam Həssən Zölqədri özü də bizə təklif etmişdi ki, birgə işləyib komandalarımızın səviyyəsini yüksəldək. Bu, daha çox bizə lazım idi və bir müddət sonra onlardan döyüş və məşq təcrübəsi dəyişikliyi yönündə müsbət cavab aldıq. Daha sonra razılaşma federasiyalar səviyyəsində rəsmiləşdirildi və 03-13 fevral tarixlərində böyük heyətlə İran Taekvondo Akademiyasında hazırlıqlara yollandıq.

- Səfər proqramında hansı tədbirlər öndə dururdu?
- 11 qadın və 23 nəfər kişilərdən ibarət heyət İranın A milli komandası ilə birgə fizikal məşqlərə qatıldıq. Bəli fiziki yox, məhz fizikal məşqlərə. Yəni idmançı orqanizminin fiziki, texniki və taktiki yüklənməyə tam hazır olmasını nəzərdə tuturam. İranın Olimpiya Mərkəzində xüsusi mütəxəssislər var ki, bütün növlər üzrə fizikal hazırlıqla məşğul olurlar və bu amilə çox üstünlük verirlər. İran Taekvondo Federasiyası (İTF) belə bir mütəxəssis də bizim idmançılar üçün ayırdı. Taekvondoçularımızın cəldliyini, sürətini, fiziki gücünü təyin edən, onlarda yorğunluq anını üzə çıxaran və digər vacib məqamlara aid ümumi test götürüldü. Qeyd edim ki, ondan bir həftə öncə isə Türkiyədən dəvət olunan tanınmış mütəxəssis Emin Ergenin rəhbərliyi ilə Bakıda idmançılardan ümumi testlər götürülmüşdü. Məşqçilər heyəti qərara gəldi ki, hər iki nəticəni analiz etsin. Çünki qarşıya yüksək nəticə vermək məqsədi qoyulubsa, idmançıların zəif nöqtərələrini elmi cəhətdən də aradan qaldırmaq lazımdır.

- Hazırlıq necə keçdi, heyətə qarşı münasibət necə idi?
- Tehranda 10 günlük təlim-məşqlərə başlamazdan əvvəl, Ələkbər müəllim bizə hazırlıq planını təqdim edəndə həqiqətən də heyrətləndik. Bu qədər az müddətdə belə etimad və səmimiyyət bizi yaxşı mənada təəccübləndirdi. Bizi demək olar ki, tamamilə öz hazırlıq sistemlərinə əlavə etdilər və A milli komandası ilə birgə məşqlər keçdik. Bu müddət ərzində kişi və qadın komandalarımız onlarla bir oteldə qaldılar, günün də çox hissəsini bir yerdə keçirdilər. Bizə qarşı çox diqqətli münasibət gördük və bundan artıq dərəcədə məmnun olduq. Hətta yerli telekanallardan gəlib çəkilişlər apardılar, Ələkbər müəllim birgə əməkdaşlıq barədə müsahibə verdi. İran mətbuatında da bu mövzu işıqlandırıldı.

- Təbii ki, iranlı həmkarlarınız siz məşqçilərlə söhbətlərində idmançılarımız barədə fikirlərini bildirərlər. Potensialımızı necə qiymətləndirdilər?
- Bildirdilər ki, idmançılarınızın böyük potensialı var. Düz buyurular, bilirsiniz ki, taekvondoçularımız son illər Koreya sistemi ilə hazırlıqlar keçiblər. İndi isə hazırlıqlara fərqli istiqamətdə başlanıb və imkanları səfərbər etmək üçün müəyyən müddət lazımdır. Biz məşqçilər heyətinin üzərinə 2001-2005-ci illərdəki dövrü qaytarmaq kimi məsul vəzifə düşür, o zamankı müsbət tərəflərimizi bir daha yaşatmalıyıq.

- Səfər zamanı gələcək birgə fəaliyyət üçün hər hansı ideya ortaya çıxdımı?
- Onların daxili liqaları var və çox gərgin və baxımlı döyüşlərlə müşayiət olunur. Taekvondoçularımız bir dəfə l liqanın klubları ilə döyüşlərdə, o biri dəfə isə milli komandanın üzvlərindən ibarət Superliqanın yarışlarında iştirak etdilər. Həm elektron gödəkçələrdə döyüşlərdə, həm də əvvəlki illərdə tətbiq edilən gödəkçələrdə özlərini sınadılar. Biz məşqçiləri təəccübləndirən məqamlardan biri də odur ki, onlar bizi qabaqlayıb öz milli liqalarında idmançılarımızı da görmək niyyətində olduqlarını dedilər. Bizim də İran Taekvondo Liqasında iştirak etmək istəyimiz var idi və bu barədə də danışıqlar aparacaqdıq. Lakin cari ilin təqvimi başa çatır, oktyabr-noyabr aylarında başlayan növbəti mövsümdən isə İran liqasında yarışa biləcəyik. Lakin bu liqa daxili yarışlar üçün nəzərdə tutulduğundan, idmançılarımız ayrı-ayrı klublarda müqavilə ilə çıxış edəcəklər. Təbii ki, istər təcrübə baxımından, istərsə də digər vacib yarış amilləri cəhətdən bu bizim üçün böyük dəstəkdi.

- Söhbətdən belə qənaətə gəlmək olar ki, İran səfərindən razı qalmısınız...
- Bildiyiniz kimi heç bir milli komandanın məşqçiləri və ölkə idman federasiyaları razı olmaz ki, onlar öz potensial rəqibləri ilə uzunmüddətli birgə açıq hazırlıqlar keçirsin. Müəyyən sirlər var, taktiki gedişlər var ki, hər komandanın özünə məxsusdur. Bu baxımdan bir maneə görmədik, əksinə doğmalıq hiss etdik. Bütün heyət adından deyim ki, İran təlim-məşqləri bizdə çox böyük təəssürat yaratdı. İTF-in rəhbərliyi başda ATF-in prezidenti Kəmaləddin Heydərov olmaqla, federasiyamızın rəsmilərinə, o cümlədən bizim əməkdaşlığımızda birbaşa rolu olan vitse-prezident Nağı Səfərova salamlarını, ehtiramlarını çatdırdı və birgə fəaliyyətdən məmnun olduqlarını bildirdilər.