12:19 25-02-2013
news_image

Avropa çempionatı öncəsi son sınaq

Martın 1-2-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 43-cü beynəlxalq turnir keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə Azərbaycanı qadın güləşçilərdən ibarət yığma təmsil edəcək.

Baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin başçılığı altında komandamızın 10 üzvü Minskdə qüvvələrini sınayacaq. Heyətdə Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), İrina Netreba, Yuliya Ratkeviç, Sona Əhmədli (hamısı 59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk, Dərya Korin (hər ikisi 67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.

Qeyd edək ki, yarışda çıxışdan sonra Avropa çempionatına daha yaxşı hazırlıq məqsədilə yığmamız martın 3-14-də Belarus millisi ilə birgə təlim-məşq toplanışında iştirak edəcək.