15:04 26-02-2013
news_image
1546
DÖYÜŞ NÖVLƏRİ

Ramin Əzizov erməniyə qalib gəlib, çempion oldu

Taekvondo üzrə Azərbaycan yığması 2013-cü ilin ilk yarış gününü 10 medalla başa vurub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Misirin İsgəndəriyyə şəhərində V “Alexandria Open” beynəlxalq turnirinin birinci günü 6 çəki dərəcəsində mübarizəyə qatılan millimiz 4 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

İdmançılarımızdan Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əzizov finalda London Olimpiadasının iştirakçısı, ermənistanlı rəqibini məğlub edib.

Gümüş medallar Hüseyn Mehrəliyevə (68 kq), Surə Fərəcliyə (49 kq) və Günay Ağakişiyevaya (57 kq) nəsib olub. 68 kq çəki dərəcəsinin finalçıları Azərbaycan idmançıları olublar.

Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər.

Qeyd edək ki, Ümumdünya Taekvondo Federasiyasının (WTF) G1 kateqoriyasından olan bu ənənəvi yarışın mükafatçıları beynəlxalq reytinq xallarını da artırıblar.

Turnirin ikinci günü 54, 63, 74, 87 kq çəki dərəcələrində kişilərin yarışı, 46, 53 və 62 kq çəkilərdə isə qadın idmançılarımızın çıxışları olacaq. 31 taekvondoçudan ibarət komandamız müxtəlif çəkilərdə bir neçə idmançı ilə mübarizə aparır. Yığmamız Bakıya fevralın 28-də qayıdacaq.