11:12 01-03-2013
news_image

“Olimpiyaçılar aramızda”: Final mərhələsi başlayır

Martın 5-də və 6-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə “Olimpiyaçılar aramızda” açıq Respublika turnirinin final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİLA-nın mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq turnirdə respublikanın bütün bölgələrini təmsil edən 1997-98-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar.

Turnirin keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və 2014-cü ildə keçiriləcək yeniyetmələrin II Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Yarışın ilk mərhələsi fevralın 2-dən 19-dək AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə keçirilib. Final mərhələsinin proqramına əsasən, martın 5-də sərbəst, 6-da isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcək.

Turnir hər gün səhər saat 10:00-da başlanacaq. Təntənəli açılış mərasimi martın 5-i, saat 17:00-da keçiriləcək.

Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək, tam dəst idman geyimi ilə təmin ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq.