17:00 04-03-2013
news_image

Qadın boksçularımızdan parlaq qələbə

Qadınlardan ibarət boks üzrə milli komandamız Almaniyanın Hamburq şəhərində keçirilən beynəlxalq turnirində çıxış edib. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, 12 ölkədən 130 idmançının qatıldığı yarışda komandamız 3 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub.

51 kq çəki dərəcəsində mübarizə aparan Əzizə Abbasova bütün rəqiblərini məğlub edib. Leyla Cavadova da (75 kq) komanda yoldaşının uğurunu təkrarlayaraq, vətənə qızıl medalla dönüb.

Yeniyetmələrin yarışında + 81 kq çəki dərəcəsində Alina Hacıyeva da bütün görüşlərini qələbə ilə başa vurub.

48 kq çəki dərəcəsindəki təmsilçimiz Ceyran Dadaşova və Aynur Rzayeva (+ 81 kq) yalnız finalda uduzaraq, 2-ci nəticə göstəriblər. Anaxanım Ağayeva (51 kq) yarımfinalda Norveç boksçusuna məğlub olaraq, 3-cü yerlə kifayətlənib.