20:34 04-03-2013
news_image

Olimpiya mükafatçımız “İpək yolu” turnirində iştirak etməyəcək

Martın 6-da Bakı İdman Sarayında boks üzrə “İpək Yolu” ənənəvi beynəlxalq turnirə start veriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, ayın 10-dək davam edəcək yarışda 11 ölkənin idmançıları mübarizə aparacaqlar.

Azərbaycan boksçuları ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Fransa, Özbəkistan, Türkmənistan, İran, Rusiya, Türkiyə, Ukrayna və Qətərin dəri əlcək ustaları öz bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, komandamız yarışdan əvvəl Qazaxıstan və Gürcüstan boksçuları ilə birgə Lənkəranda təlim-məşq toplanışında olublar. Bu dəfə millimizin heyətində bütün adlı-sanlı idmançıların çıxış etməsi gözlənilir. Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, 2010-cu ilin Avropa çempionatının gümüş mükafatçısı Elvin Məmişzadə, Olimpiya oyunlarının iştirakçısı Heybətulla Hacəliyev kimi idmançılar yarışda iştirak edəcək. Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Teymur Məmmədov bu yaxınlarda Qazaxıstanda keçirilən turnirdə qolundan zədə aldığından o, yarışı kənardan izləyəcək.

“İpək yolu” turnirinin final döyüşləri martın 10-u saat 14:00-da başlayacaq.