16:56 05-03-2013
news_image
804
DİGƏR NÖVLƏR

Azad Rəhimov: Hesabat üçün xeyli mövzu var

Güləş 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramında yer alacaq. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası bu növünün Oyunların proqramında yer almasına heç vaxt etiraz etməyib: “Sadəcə, dünyada çoxlu idman tədbirləri olur. Məsələn, bugünlərdə atletika üzrə Avropa çempionatı keçirilirdi. Bizimlə işləyən xarici mütəxəssislər Avropa Atletika Federasiyasının yüksək rəhbərliyi ilə görüşü gözləyirdilər. Həmin görüş gələn həftə baş tutacaq və orada son nəticə əldə olunacaq”.

Nazir bildirib ki, son illər dünyada basketbolun 3X3 adlanan növünə böyük maraq yaranıb: “Bu növün də Oyunların proqramında yer almasına müsbət rəy verilib. Qeyri-olimpiya növlərindən biri kimi bu da proqrama daxil edilə bilər. Amma böyük basketbolun proqrama salınması üçün danışıqlar aparılır”.

Rəhimovun sözlərinə görə, Avropa Oyunlarındakı növlərin tərkibinin müəyyənləşdirilməsi üçün martın 30-dək vaxt var: “Hazırda proqrama salınmağa 18-19 namizəd idman növü var. 6-7 qeyri-olimpiya növü öz namizədliyini verib və Oyunların proqramında yer almaq arzusunu ifadə edib. Amma biz onlardan 2-sini seçməliyik. Danışıqlar aparılır. Ən əsası odur ki, 20 ildən çox arzuladığımız Oyunları keçirə biləcəyik. Federasiyalar tərəfindən bu oyunlara böyük maraq var. Avropanın idman ictimaiyyəti arasında çox müsbət rəy mövcuddur. Deyə bilərik ki, bu işə çox uğurla başlamışıq. İnanırıq ki, Avropa Oyunları çox uğurla həyata keçiriləcək”.

Nazir martın ortalarında Milli Olimpiya Komitəsinin Baş Məclisinin əsasən hesabat xarakterli olacağını deyib: “Son tədbirdə MOK prezidentinin 8 il müddətinə seçilməsi qərara alınıb. Hesabat üçün çoxlu mövzu var. Maraqlı müzakirələr ola bilər. İcraiyyə Komitəsi üzvlərinin sayının artırılması və ya dəyişiklik edilməsi gözlənilmir”.