17:09 06-03-2013
news_image
850
DİGƏR NÖVLƏR

Beynəlxalq Olimpiya Akademiyasının rəhbərliyi Bakıya gəlib

Bu gündən Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və direktoru Dionisis Qanqasın Azərbaycana səfəri başlayıb. Apapsort.az saytının məlumatına görə, martın 8-dək davam edəcək səfər çərçivəsində qonaqlar öncə Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Həmçinin akademiya rəsmiləri gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Tennis Akademiyası, “Musado” İdman Mərkəzi və İçərişəhərlə tanış olacaqlar.

Məlumat üçün bildirək ki, Beynəlxalq Olimpiya Akademiyasında artıq 4 ildir olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur. Ümumi təhsil müddəti 1,5 il olan akademiyada tələbələr il ərzində sentyabr-noyabr və aprel-iyun aylarında 2 semestr ərzində təhsil alırlar. Növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar.

Qeyd edək ki, fevralın 4-də Azərbaycanın Yunanstandakı səfiri Rəhman Mustafayevin Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelosla görüşü zamanı akademiya ilə ölkəmiz arasında əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Gələcəkdə Azərbaycandan da tələbələrin burada təhsil alması barədə akademiya rəhbərliyi ilə ilkin razılıq əldə edilib.

Bundan başqa, Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də, Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərində iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə ilkin müzakirələr olunub.