09:57 07-03-2013
news_image

Yığmamızın üzvləri beynəlxalq turnirə qələbə ilə başladılar

Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” ənənəvi beynəlxalq turnirə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 11 ölkənin 118 boksçusu iştirak edir. Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qətər, Fransa, Gürcüstan və İran idmançıları da qələbə uğrunda mübarizə aparırlar.

Yarışın ilk günündə milli komandamızın aparıcı boksçularından Samir Məmmədov, Cavid Çələbiyev, İlkin Ağayev, Heybətulla Hacəliyev və Emil Əhmədov rinqə çıxıb. 2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Məmmədov (56 kq) ilk görüşdə Türkmənistan təmsilçisi Yakub Meredovu 14:10 hesabı ilə məğlub edib. İlkin Ağayev də (56 kq) yarışa qələbə ilə başlayıb. Yığmamızın üzvü Qətər idmançısı Othman Jomaa üzərində asan qalibiyyət əldə edib – 20:3.

Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev də (64 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz özbəkistanlı Bobur Aytbayevi 17:11 hesabı ilə məğlub edib. 75 kq çəki dərəcəsində mübarizə aparan Emil Əhmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Boksçumuz Qətər nümayəndəsi Hzam Əhməd Nabahı 15:5 hesabı ilə üstələyib.

Cavid Çələbiyev (56 kq) isə yarışla erkən vidalaşmalı olub. Bu yaxınlarda “Strandja” turnirində bürünc medal almış həmyerlimiz gürcüstanlı Georgi Qoqatişviliyə 11:12 hesabı ilə uduzub.

Qeyd edək ki, bu gün döyüşlər saat 14:00-da başlayacaq. “Böyük İpək Yolu” turnirinə martın 10-da yekun vurulacaq.