00:02 18-03-2013
news_image
1013
DÖYÜŞ NÖVLƏRİ

Yaqub Məmmədov: Ümidləri doğrultmalıyıq - MÜSAHİBƏ

Qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaqub Məmmədovun apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına müsahibəsi

- Siz kişilərdən ibarət yığmamızla çalışmısız. Müəyyən müddətdən sonra ilk dəfə qadın komandası ilə Avropa çempionatına qatılacaqsız. Təəssüratlarınız necədir?
- İlk rəsmi yarış Avropa çempionatına təsadüf etdiyindən məsuliyyətlidir. Amma demək olar ki, Patimat Baqomedova (48 kq) istisna olmaqla, Tiflisə əsas heyətlə gəlməmişik. Onun da böyüklər arasında bir dəfə nəticəsi olub. Digərləri üçün bu, ilk möhtəşəm yarışdır.

- Komandanın hazırlığı ilə bağlı nə deyə bilərsiz?
- Hazırlığımız normal keçib. Yarış öncəsi 2 dəfə - Belarusda və Bolqarıstanda beynəlxalq turnirə qatılmışıq. Hətta Minskdə yerli komanda və Fransa millisi ilə əla təlim-məşq toplanışı da keçmişik. Qatıdığımız yarışların hərəsində 3 qızıl medal qazanmışıq. Avropa çempionatında da hər şey idmançıların özlərindən asılıdır.

- Yəqin ki, beynəlxalq turnirlərdəki uğurun Avropa çempionatına psixoloji baxımdan təsiri də yüksək olacaq...
- Bəli, bu güləşçilərdə özünə inamı daha da artırıb. Həmçinin təcrübə baxımından böyük kömək olub.

- Rəqibləriniz də sizin kimi ikinci heyətlə gəlib?
- Əsas rəqiblərimizin çoxu 1 nömrələrinə güvənəcək.

- Rusiya Güləş Federasiyasının vitse-prezidenti Omar Murtuzaliyev ciddi rəqiblər arasında Azərbaycan və Ukraynanın adını çəkib. Siz hansı fikirdəsiz?
- O yəqin fikirləşib ki, əsas heyətlə gələcəyik. Ancaq bu belə deyil. Əsas heyətin aparıcı üzvləri ana olacaqları üçün yarışda iştirak etməyəcəklər.

- Sonda medallarla bağlı proqnozunuz...
- Bu bir qədər çətindir. Biz buraya medal qazanmağa gəlmişik. Ancaq hər şey idmançılardan, onların çıxışından asılı olacaq. Fikrimcə, ümidləri doğrultmalıyıq.