18:52 18-03-2013
news_image

Güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi

Sabah Gürcüstanın paytaxtı Tiflisdə start götürəcək güləş üzrə Avropa çempionatının ilk gününün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə döşək üzərində çıxacaq sərbəst güləş üzrə 66 kq və 96 kq, qadın güləşində isə 48 kq çəki dərəcələrinin püşkü atılıb.

Tədbirdə Azərbaycanın mübarizəyə qoşulacaq ilk 3 təmsilçisinin də rəqibləri məlum olub. 3 qat Avropa çempionu, Tiflisə 4-cü titul üçün yollanana Xetaq Qazyumov (96 kq) ilk mərhələdə türkiyəli Muren Mutlu ilə üz-üzə gələcək. Məhəmməd Müslümovun (66 kq) rəqibi isə italiyalı Angelo Kosta olacaq. Güləşçilərimizin hər ikisi qalib gələcəyi halda, 1/8 finala yüksələcək.

Qadın güləşçilərimiz arasında qüvvəsini sınayacaq ilk idmançımız isə Patimat Baqomedova olacaq. Kişi güləşçilərimizdən fərqli olaraq, xanım idmançımız ilk mərhələdən azaddır. O, 1/8 finalda Bolqarıstan və Macarıstan güləşçiləri arasında görüşün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, sabah start götürəcək ilk görüşlər saat 13:00-da başlayacaq.